"Vəfat edən şəxsin sığrota məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunması təklif olunub".
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli çıxış edib.
“Bizi ən çox narahat edən məsələlərdən biri dünyasını dəyişmiş insanların ailələrinin çətin duruma düşməsidir. Əgər dünyasını dəyişən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, məsələn, gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, ya yox. Təklif edirəm ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-nin dərhal ailəsinə verilməsi mümkün olsun. Qalan məbləğ isə ənənəvi olaraq pensiya yaşına çatanda ondan ailə istifadə edə bilsin. Bu da ailə başçısını itirən ailələrin sosial durumuna ciddi dəstək ola bilər”, - deputat bildirib.
Komitə sədri Musa Quliyev qeyd edib ki, hazırda mövcud olan qanunvericiliyə görə, sosial sığorta icbari məsuliyyət daşıyır: "Pensiya növlərindən birini qeyd etmək istərdim. Bu, ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasıdır. Hazırda bu öz həllini tapıb. Təklif etdiyiniz məsələ əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün yaxşı təklifdir. "Özəl pensiya fondları haqqında" qanun layihəsi gələndə həmin məsələyə baxa bilərik".
Anar Kəlbiyev