22 may 2020-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində "XXI əsrdə Beynəlxalq İqtisadi münasibətlərin prioritet istiqamətləri " adlı beynəlxalq virtual elmi-praktik konfrans keçirildi. Beynəlxalq konfrans koronavirus pandemiyası dövrü olduğu üçün 22 may tarixində onlayn şəkildə keçirildi. Konfransda Almaniya, Bolqarıstan, Moldova, Türkiyə, Gürcüstan, Ukrayna, Estoniya, Rusiya, Rumıniya, Portuqaliya və Azərbaycandan nümayəndələr iştirak etdilər.
Unikal.org
xəbər verir ki, konfrans pandemiya dövründə qapalı dövlət sərhədlərinin olmasına baxmayaraq virtual məkanda yeni reallıqlarla beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində uğurlu addım olduğunu göstərdi.

Konfrans plenar iclas və 3 bölmədən ibarət bütün iştirakçıların yekun iclası ilə başa çatdı.

Tədbirin plenar hissəsinin açılışını Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov etdi və tədbir xaricdən konfransa virtual qoşulan qonaqların çıxışları ilə davam etdirildi. Cənab Mədətov öz məruzəsində beynəlxalq elmi-praktik konfransın bu forumda toplanan universitetlərin və tədqiqat mərkəzlərinin qlobal iqtisadiyyatın inkişafındakı müasir tendensiyaları araşdırmaqda maraqlı olanlarının gələcək əməkdaşlığa xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. O, son vaxtlar qlobal iqtisadiyyatda baş verən hadisələrin turizm sahəsinə ən çox təsir edən sosial-iqtisadi xarakterli bəzi dəyərlərə yenidən baxılmasının zəruriliyini göstərdi.

Bölmələrin paralel işi geniş müzakirə və müxtəlif ölkələrin spikerləri arasında intensiv təcrübə mübadiləsini təmin etdi.

Tədbiri yekunlaşdıran ATMU-nun Elm və innovasiya üzrə prorektoru, professor İrana Əliyeva çıxışında təhsil və elm mühitində təcrübə mübadiləsi şəraitində bu kimi tədbirlərin əhəmiyyətini vurğuladı. O, təhsilin beynəlmiləlləşdirilməsinin və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı.

Ümumilikdə iştirakçıların 70-ə yaxın təqdimatı dinlənildi.

Tədbirin qonaqları beynəlxalq virtual elmi-praktik konfransın yüksək səviyyədə hazırlanmasında və keçirilməsində, tədqiqat işlərinin təqdim olunmasında yaradıcı bir yanaşma olduğunu qeyd etdilər. İştirakçıların fərdi çıxışları orijinal və aktual idi.

22 may 2020-ci il tarixində virtual Beynəlxalq elmi və praktik konfransı Azərbaycan Turizm və Menecment Universitetinin “Marketinq” kafedrasının müdiri Elmira Qocayevanın, kafedranın müəllimlərinin,eləcə də ATMU-nun digər professor- müəllimlərinin dəstəyi ilə keçirmək mümkün olmuşdur.

ATMU-dakı bu konfrans əvvəlkilərdən fərqləndi, çünki ilk dəfə beynəlxalq səviyyədə“virtual platforma” da təşkil olundu, beləliklə tədbir geniş beynəlxalq formata sahib oldu.

Bu formatdakı onlayn konfranslar ATMU-da beynəlxalq görüşlər üçün yeni bir ənənəyə çevrilə bilər. Onları keçirmək ənənəvi konfransların əvəzi deyil, dünyanın müxtəlif ölkələrindən daha çox iştirakçı üçün təcrübə və bilik mübadiləsi üçün əlavə bir fürsətdir. 

Konfransın nəticələri ATMU-da elektron hesabat toplusu formasında yayımlanacaqdır.