Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov abadlıq işlərinin aparıldığı Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektləri, habelə Məmməd Xələfov küçəsində olub. Burada işlərin gedişatı ilə maraqlanıb.
Unikal.org xəbər verir ki, adıçəkilən ərazilərdə çoxmənzilli binaların həyətləri abadlaşdırılır, yol kənarındakı yaşıllıq zolaqları yenilənir, qazon səpilir. Ağaclara aqrotexniki qulluq göstərilir, yola tərəf əyilərək yol nişanlarının qarşısını kəsən budaqlar budanır. Bununla yanaşı səkilərdə səligə-səhman yaradılır, yeni bardür daşları düzülür, ehtiyac olan hissələrin asfalt örtüyü bərpa edilir. Məmməd Xələfov küçəsinə də yeni asfalt örtüyü çəkilir. Əraziyə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.
Xəbər verdiyimiz kimi, ölkədə koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq modul tipli xəstəxanaların tikintisinə başlanılıb. Bu xəstəxanalardan biri də Gəncədə inşa edilir. Yeni inşa edilən modul tipli xəstəxananın həyəti və ətrafında da abadlıq işləri həyata keçirilir. İşlərin gedişatına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur.
Niyazi Bayramov iş icraçıları ilə söhbət edib, işlərin vaxtında yekunlaşması istiqamətində aidiyyatı şəxslərə öz tapşırıq və tövsiyyələrini verib.