“Tərtər Olimpiya Kompleksinin açılışında cənab prezidentin Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir neçə toxunduğu məsələlər oldu. Əsas məqam ondan ibarətdir ki, ümumiyyətlə Ermənistanın tarixi, eyni zamanda Dağlıq Qarabağın tarixi ilə bağlı cənab prezident çox mühim açıqlama verdi”.
Bu fikirləri Unikal.org-a açılamasında Milli Məclisin deputatı Arzu Nağıyev səsləndirib. O bildirib ki, ölkə başçısının son çıxışları tarixi faklar əsasında Ermənistanı çıxılmaz vəziyyətdə qoyub: “Cənab prezident bir daha qeyd etdi ki, tarixdə çox uzağa da getmək lazım deyil. 1918-ci ildən bəri Azərbaycan ərazisində İrəvanın ermənilərə verilməsi, Dağlıq Qarabağa ermənilərin köç etməsi onların özləri tərəfindən də dəfələrlə etiraf olunub. Yəni, bir daha onlar bilməlidir ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Cənab prezidentin çıxışında ən mühüm məqamlardan biri bu idi. Digər məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Prezident qeyd etdi ki, bu gün həbs edilən və birinin də həbsi gözlənilən keçmiş qondarma rejimin rəhbərləri həqiqətən cinayətkar olduqlarını həm erməni xalqı, eyni zamanda, bütün dünya bildi. Məlumdur ki, bunlar hansı cinayətləri törədib. Bunun hesabına hətta Ermənistanda hakimiyyətə gəliblər. Digər məsələ ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun müəyyən işlər gördüyünü bilirik. Biz sülhü dəstəkləyirik. Azərbaycan güclü dövlətə çevrilir. Güc hesabına erməniləri danışıqlar masasına əyləşdirmək lazımdır. Əks halda biz öz səlahiyyətimizdən və hüququmuzdan istifadə edərək bu münaqişəni məhz anti-terror əməliyyatları keçirməklə həll etmək iqtidarındayıq. Yəni həm qlobal, həm regional oyunçular, dövlətlər bizi dərk etməli, başa düşməlidirlər. Həmin an yetişəndə biz məsələnin həlli istiqamətində addımlar atacağıq. 2016-ci il aprel hadisələrində əməliyyatların dayandırılmasını bizdən necə xahiş etmişdilərsə, artıq bu məsələ tək regional dövlətlər üçün deyil, qlobal dövlətlər üçün bir görk olmalıdır. Biz bu məsələni öz gücümüzə həll etməyə qadirik. Düşünürəm ki, əsas məsələ bundan ibarət idi”.
Famil Fərhadoğlu