İyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.
Unikal.org xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb. Bu sahədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətini yüksək qiymətləndirən komitə sədri ölkə vətəndaşları tərəfindən karantin rejiminin yumşaldılmasından sui-istifadənin yolverilməz olduğunu vurğulayıb.
Sonra iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Əhliman Əmiraslanov sənədi ətraflı şərh edib. Qeyd olunub ki, qanun layihəsi ölkə Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, Azərbaycanda insan orqan və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək. 5 fəsil, 35 maddədən ibarət sənəddə qanunun tətbiq dairəsi, donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin uçotu, donorluq işinin koordinasiyası, donor orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı ehtiva olunub.
Komitə üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, dəvət olunmuş mütəxəssislər qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, bu sahədə dünya ölkələrinin qabaqcıl təcrübəsindən danışıblar.
Gündəliyin ikinci məsələsini təqdim edən Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara təklif olunan dəyişiklikləri diqqətə çatdırıb. Bildirib ki, bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır.
İclasda gündəliyin üçüncü məsələsinin - “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərin (birinci oxunuş) mahiyyətini açıqlayan Məhəmməd Bazıqov diqqətə çatdırdı ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanunda tibb müəssisələrinin akkreditasiyası nəzərdə tutulmuşdur. Bunu TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyi həyata keçirəcəkdir. Sənəddə ambulator xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləği ərazi (regional) prinsipinə görə, stasionar xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasına görə tutulan dövlət rüsumunun məbləği isə çarpayı sayına görə diferensiallaşdırılır. Tibb müəssisələrinin akkreditasiyasının məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən müəssisə tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsidir.
Ətraflı müzakirələrdən sonra hər 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.