"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yay mövsümündə Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığından əziyyət çəkən yaşayış massivlərinin su təchizatının gücləndirilməsi məqsədilə Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində layihələr icra olunur.
Unikal.org xəbər verir ki, hazırda Binəqədi rayonunun Gülüstan yaşayış massivi və 1-ci mədən 18-ci korpus adlanan ərazisində, Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçələrində, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisində, Suraxanı rayonu S.Əliyev küçəsində yeni xətlər çəkilir.
Gülüstan yaşayış massivi və Binəqədi qəsəbəsinin bir hissəsinin içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə Ceyranbatan-Zirə magistral kəmərindən yeni birləşmə verilib. Eyni zamanda yaşayış massivində suyun bərabər paylanması məqsədilə şəbəkədə tənzimləmə işləri də aparılır.
Binəqədi rayonunun 1-ci mədən 18-ci korpus adlanan ərazisində isə içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun gəlməyən şəbəkələr hesabına aparılır. Bu şəbəkələr yay aylarında bəzi abonentlərin su təminatında problemlər yaradırdı. Bütün bunlar nəzərə alınaraq 18-ci korpus ərazisində ilkin mərhələdə 1,2 km uzunluğunda yeni su şəbəkəsi yaradılır. Yeni şəbəkədən bütün evlərə birləşmələr veriləcək və köhnə xətlər ləğv olunacaq. Yeni şəbəkə DSK yolundan keçən magistral su xəttindən qidalanacaq. Bununla da ərazidə su təchizatında dayanıqlıq təmin ediləcək.
Sabunçu və Suraxanı rayonlarının adıçəkilən ərazilərində tikiləcək daşıyıcı xətlər yay aylarında suya tələbatın artdığı vaxtlarda Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçəsi, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisi, Suraxanı rayonu S.Əliyev küçəsinin dayanıqlı su təminatına imkan verəcək.