Statistika Komitəsindən sərt cavab
12:36 01-12-2012
CƏMİYYƏT
Statistika Komitəsindən sərt cavab
"Onların belə hüququ varmı?..."
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev beynəlxalq təşkilatları sərt tənqid edən yazı yazıb. Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilən həmin yazıda qeyd edilir ki, 20 ildən artıqdır ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edərək bir çox beynəlxalq təşkilatların tamhüquqlu üzvü olub və bununla əlaqədar müəyyən öhdəliklər qəbul edib.
Arif Vəliyev yazır ki, onlardan biri də ölkənin sosial-iqtisadi inkişafı və dünya birliyinə inteqrasiyası ilə bağlı müxtəlif statistik məlumatların hazırlanaraq təqdim edilməsidir. Məhz bu səbəbdən, Dövlət Statistika Komitəsinin fəaliyyətinin ən mühüm istiqamətlərindən birini beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil edir. Beynəlxalq təşkilatlar, öz fəaliyyət istiqamətlərinə uyğun bütün ölkələrin statistika orqanlarından, o cümlədən Azərbaycandan məlumat toplayırlar. Hər il Dövlət Statistika Komitəsinə müxtəlif beynəlxalq təşkilatlardan 30-a qədər irihəcmli sorğular daxil olur və onlar dəqiq, dürüst cavablandırılır. Bu, çox əməktutumlu və məsuliyyətli işdir. Tələb olunan məlumatların bir qismi Dövlət Statistika Komitəsinin fəaliyyət sahəsinə aid olmadığı üçün və sorğulara maksimal dərəcədə dolğun cavab vermək məqsədilə ölkəmizdə rəsmi statistikanı təmsil edən digər təşkilatlara, inzibati məlumat mənbəyi sahiblərinə müraciətlər olunur və əlavə tədbirlər görülür.
Beləliklə, beynəlxalq təşkilatların sorğularının təmin edilməsinə Dövlət Statistika Komitəsi xeyli maliyyə, əmək və inzibati resursları cəlb edir.
Arif Vəliyev vurğulayır ki, məqsəd beynəlxalq təşkilatların informasiya bazalarında ölkənin mümkün qədər dolğun təmsil olunmasını təmin etməkdən ibarətdir. Xarici investorlar qərar qəbul edərkən məhz bu məlumatları rəhbər tuturlar, reytinq agentlikləri bu məlumatlara əsaslanırlar, BMT-nin İnkişaf Proqramı (UNDP) bu məlumatlardan istifadə edərək hər il İnsan İnkişafına dair hazırladığı hesabatda ölkələri sıralayır, beynəlxalq təşkilatların (DB, BVF və s.) özləri də ölkələr üzrə proqnozlar verərkən elə bu məlumatları götürürlər: "Göründüyü kimi, ölkə üçün bu məlumatların vacibliyi şübhəsizdir.
Dövlət Komitəsinin sədri qeyd edir ki, anlaşılmazlıqlar insan inkişafı haqqında BMT-nin İnkişaf Proqramı tərəfindən 2011-ci ilin sonunda açıqlanan hesabatından başlayıb. 2010-cu ildə dünya ölkələri arasında 67-ci yerdə olan Azərbaycan 2011-ci ildə birdən-birə 91-ci yerə enib. Məlumatların təhlili göstərib ki, səhv "təhsilin orta müddəti" göstəricisi üzrə baş verib: "Müraciətlərimiz və yazışmalar nəticəsində UNDP öz səhvini etiraf edib, üzr istəyib və Azərbaycan üzrə indeksin yenidən hesablanması nəticəsində ölkəmiz reytinqin 76-cı yerində qərarlaşıb. Bu hadisə rəsmi milli statistika məlumatları və digər beynəlxalq təşkilatların elektron məlumat bazalarında ölkəmizə aid olan məlumatlar arasında uyğunluq monitorinqinin keçirilməsinə səbəb oldu. Nəticələr isə gözlənilməz və məyusedici oldu.
Monitorinq nəticəsində 10 beynəlxalq təşkilat - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Avrostat, BMT-nin İnkişaf Proqramı, BMT-nin Statistika Departamenti, BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı, BMT-nin Uşaq Fondu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarında 327 göstərici üzrə uyğunsuzluqlar aşkar edildi! Sual olunur - bu kimi hallar belə miqyasda necə baş verə bilər? Bəzi göstəricilər üzrə kənarlaşmalar 5-10% səviyyəsindədir. Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumat bazasında 2008-ci il üzrə cari qiymətlərlə ÜDM həcmi göstəricisi milli göstəricidən 5.3%, Dünya Bankının məlumat bazasında 2008-ci il üzrə muzdlu işçilərin məşğul əhalinin sayında xüsusi çəkisi milli göstəricidən 9.0% bəndi qədər fərqlənir.
2012-ci il fevralın 29-da BMT-nin Statistika Komissiyasının 43-cü sessiyasında təqdim edilən BMT Baş katibinin məruzəsində qeyd edilir ki, Minilliyin Bəyannaməsində göstərilmiş İnkişaf sahəsində məqsədlərə nail olmaq üçün göstəricilər üzrə İdarələrarası ekspertlər qrupunun məqsədlərindən biri milli və beynəlxalq göstəricilər arasında uyğunsuzluqların aradan qaldırılmasıdır. Oxşar məqsədlər yəqin ki, ölkələrə məlumat üçün müraciət edən bütün beynəlxalq təşkilatlar qarşısında durmalıdır. Təəssüf ki, milli və beynəlxalq göstəricilər arasında uyğunsuzluqların aradan qaldırılmasına yönəldilmiş beynəlxalq təşkilatların hər hansı təşəbbüsü və ya marağı müşahidə olunmur".
Arif Vəliyev qeyd edir ki, göstərilənlər və qazanılmış təcrübə aşağıdakı nəticələrə gəlməyə və təkliflər irəli sürməyə əsas verir:
- ölkələrdən məlumatların alınması müddəti və bu məlumatın beynəlxalq təşkilatların məlumat bazalarında yenilənmə müddətlərinin standartlaşdırılması. Hər bir beynəlxalq təşkilatın öz məlumat bazası və ölkə məlumatlarının aktuallaşdırılması müddəti mövcuddur. Misal üçün, Beynəlxalq Əmək Təşkilatı ölkələrdən sorğu etdiyi məlumatları martın 31-dək göndərilməsini xahiş etsə də, Laboursta bazasını ilin sonunda, 9 aylıq ləngimə ilə yeniləyir. Beynəlxalq Valyuta Fondu özünün bazasını aprel və sentyabr aylarında aktuallaşdırır. Nəticədə, ölkəmizə aid eyni tipli informasiya müxtəlif beynəlxalq təşkilatların bazalarında fərqli olur;
- sorğularda əksini tapan göstəricilərin ad və metodologiyasının eyniləşdirilməsi;
- sorğuların eyniləşdirilməsi, birləşdirilməsi, təkrarçılığın aradan qaldırılması.
Beynəlxalq təşkilatlar arasında bu sahədə olan əlaqələndirmə daha yaxşı olmalıdır. Beynəlxalq təşkilatların ekspertləri respondentlərə düşən informasiya yükünün azaldılmasına dair milli statistika orqanlarına məsləhət verməyi sevirlər. Lakin beynəlxalq təşkilatların məlumat toplama sahəsindəki fəaliyyətindən ölkələrə düşən informasiya yükünün azaldılması hələlik hiss olunmur;
- metodoloji şəffaflığın təmin edilməsi - milli məlumat əvəzinə, beynəlxalq
təşkilatlar tərəfindən qiymətləndirilmiş məlumatdan istifadə və ya ölkə
rəqəmlərinin təshih edilməsinin bütün halları ölkə ilə razılaşdırılması. Hal
hazırda beynəlxalq təşkilatların bu sahədə fəaliyyəti şəffaf deyil;
Arif Vəliyev nəzərə çatdırır ki, Dövlət Statistika Komitəsində məlumatların tutuşdurub yoxlanması üzrə əməkdaşların fəaliyyətini əlaqələndirmək məqsədilə müvafiq əmr verilib: "Əmrə əsasən, hər sahə şöbəsi onun profilinə uyğun beynəlxalq təşkilata təhkim edilərək ildə bir dəfə monitorinq aparır və həmin təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə məlumat fərqlərinin aradan qaldırılması məsələlərində sıx əməkdaşlıq edir".
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35