Pakistandan Azərbaycana ismarıc: "Pakistan Ermənistanla heç bir münasibət qurmayacaq"
12:46 05-12-2012
CƏMİYYƏT
Pakistandan Azərbaycana ismarıc: "Pakistan Ermənistanla heç bir münasibət qurmayacaq"
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı admiral Məhəmməd Asif Sandila ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüş zamanı səfir Daşqın Şikarov Azərbaycanla Pakistan arasında mövcud olan dostluq münasibətləri, siyasi, hərbi, iqtisadi və digər sahələrdə gedən əməkdaşlıqdan danışıb, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanın mövqeyini tam dəstəklədiyinə və tutduğu işğalçı mövqeyi səbəbindən Ermənistanı bir ölkə kimi tanımadığına görə admiral Məhəmməd Asif Sandilaya minnətdarlığını bildirib.
Hərbi Dəniz Qüvvələri komandanı iki ölkə arasında inkişafda olan münasibətlərdən məmnun olduğunu bildirib, Azərbaycan torpaqlarının işğalına son qoyulmuyanadək Ermənistanla heç bir münasibət qurulmayacağını əminliklə ifadə edib. Admiral, ölkəsinin Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyin sona qədər davam edəcəyini vurğulayaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında hər cür köməklik göstərməyə hazır olduqlarını bildirib. Məhəmməd Asif Sandila Azərbaycanın iqtisadiyyatının günü-gündən güclənməsinə və artıq yardıma ehtiyacı olan ölkədən donor ölkəyə çevrilməsinə və regionda söz sahibi olmasına çox sevindiyini qeyd edib.
Görüş zamanı admiral həmçinin Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Pakistanın bütün əyalətlərində həyata keçirilmiş humanitar layihələrin Pakistan xalqı və rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığını qeyd edərək, Azərbaycan-Pakistan dostluğunun əbədi və sarsılmaz olduğunu bildirib.
Görüş zamanı Azərbaycan və Pakistan hərbi dəniz qüvvələri arasında əməkdaşlığına dair məsələlərin geniş spektri müzakirə edilib.
Politoloq Leyla Əliyevanın sözlərinə görə, "Pakistanla Azərbaycan arasında xoş münasibət hələ ötən əsrin 90-cı illərindən yaranmağa başlayıb və bu ölkə Dağlıq Qarabağ münaqişəsində dəfələrlə Azərbaycana yardım əlini uzatmağa hazır olduğunu bildirib. Yada salaq ki, Pakistan dünyada nüvə silahına malik olan bir neçə ölkədən biridir və onun ordusunun hərbi təcrübəsi ekspertlər tərəfindən kifayət qədər yüksək şəkildə qiymətləndirilir. Fikrimcə, Azərbaycan ordusunun müasir silahlarla təchiz edilməsində Pakistan önəmli rol oynaya bilər.Ordumuzun əsas heyətinin lazımi treninqlərdən keçməsində pakistanlı hərbçilər əvəzsiz təcürbə mübadiləsi təklif edə bilərlər və mənim fikrimcə, bundan yararlanmaq bizə, sadəcə, faydalı olar".
Politoloqun qənaətinə görə, "Son illərdə Rusiya və İran tərəfindən Xəzər dənizinin militarlaşdırılması istiqamətində xoşagəlməz addımlar atılmağa başlanıb və bu dəniz digər dövlətlər üçün təhlükəli qüvvələrin yığınına çevrilib. Yada salaq ki, İran tərəfi Azərbaycanın Xəzər dənizində aparmaqda olduğu neft-qaz kəşfiyyatı işlərinə olduqca qısqanc şəkildə yanaşır və ara-sıra Azərbaycanla ultimativ dildə danışmağa başlayır. Bu sayaq jestləri hərdən Rusiya da nümayiş etdirir və nəticədə Xəzər dənizində qüvvələr disbalansı yaranıb. Düşünürəm ki, Azərbaycanın bu disbalansı müəyyən qədər tarazlaya bilməsi üçün Pakistanın hərbi dəniz qüvvələri maraqlı məsləhət və yardımlarda buluna bilər. Bunu da unutmayaq ki, Azərbaycanın hərbi-dəniz qüvvələri hələ ki təşəkkül prosesindədir".
Müstəqil hərbi ekspert Üzeyir Cəfərlinin sözlərinə görə, "Pakistan yeganə müsəlman ölkəsidir ki, Dağlıq Qarabağ probleminə görə Ermənistanla diplomatik münasibətlər yaratmayıb. Və Pakistan yeganə ölkədir ki, Azərbaycandakı hərbi attaşeliyi general səviyyəsində təmsil edir. Yeri gəlmişkən, Azərbaycanın da pakistandakı hərbi attaşesi generaldır".
Hərbi ekspertin sözlərinə görə, "Bütün bunlarla bərabər, təbii ki, hansısa pakistanlı və yaxud Pakistan hərbçiləri gəlib Dağlıq Qarabağı bizim əvəzimizə azad etməyəcəklər. Bunu bizim ordumuz etməlidir və Pakistan bu yöndə səmərəli təkliflərlə çıxış edib. Hazırda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Pakistanın güc strukturları arasında faydalı əməkdaşlıq formaları inkişaf etməkdədir. Mənim bildiyimə görə, Azərbaycanın istehsal etdiyi yeni silahların bir qismi Pakistanın hərbi mütəxəssisləri tərəfindən sınaqdan keçirilib və onlar Azərbaycan tərəfinə faydalı tövsiyələr veriblər. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının spektləri kifayət qədərdir və bunu daha da inkişaf etdirmək üçün zəngin imkanlar mövcuddur".
Natiq
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27