Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” analitik hesabatına görə rayonlardan şəhərə üz tutanların 55 faizi işsizlik səbəbi ilə gəlir. Son illərdə bölgələrdə aparılan əsaslı islahatlar və iş yerlərinin açılmasını nəzərə alsaq bu göstərici olduqca yüksəkdir.
Unikal.org-a açıqlama verən millət vəkili Vüqar Bayramov bunun əsas səbəbini bögələrdə ixtisaslı kadrların işlə təmin olunmasındakı çətinliklərdə görür.
“Şəhərə axının bir neçə səbəbləri var. Bakı ilə müqayisədə, bögələrdə ixtisaslı kadrların işlə təmin olunmasında yaranan çətinliklər, eyni zamanda paytaxtda iş yerlərinin çox olması və gəlirin 2 qat yüksək olmasıdır. Nəzərə alsaq ki, biznesin 85 faizindən çoxu məhz Bakının payına düşür, amma hazırda regionların sosial-iqtisadi inkişaf prosesi çərçivəsində bölgələrimizdə də yeni iş yerlərinin yaradılması müşahidə olunur. Regionlarda sənaye sektorlarının inkişaf etməsi paytaxta iş üçün gələnlərin sayının azalmasına səbəb ola bilər. İnfrastrukturlar və kommunal xidmətlərə çıxış imkanı var. Sahibkarların aktiv olması çox vacibdir. Sahibkarlar tərəfindən regionlar investisiya qoyuluşlarının sürətlənməsinə ehtiyac var. Belə olarsa vətəndaşlar regionlarda rahat şəkildə işlə təmin oluna bilərlər”.
Dürrə Həsənova