"Dünən axşamdan etibarən Serbiyanın işğalçı Ermənistana Gürcüstan üzərindən minaatanlar satması barədə xəbərlər yayılır".
Unikal.org-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, işğalçı dövlətin dezinformasiya maşını Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirmək üçün var gücüylə çalışır.
Politoloq bildirib ki, Azərbaycanın müvafiq dövlət strukturları Serbiya və Gürcüstan məsələsinə aydınlıq gətirməsi zəruridir.
“Xəbər təsdiqini taparsa, Azərbaycanın Serbiya və Gürcüstanla münasibətlərə yenidən baxmaq zərurəti yaranacaq. Əlbəttə, Serbiyadan açıqlama verə bilərlər ki, necə ki, Azərbaycan istədiyi ölkədən silah və hərbi texnika ala bilir, Belqradın da Ermənistana minaatanlar satmaq hüququ var. Bəli, belə bir hüququ var, ancaq onda da bizim Serbiya ilə əməkdaşlığa yenidən baxmaq hüququmuz var. Belqrad düşmənimizə silah satacaqsa, biz niyə bu ölkəyə yatırım qoymalı və ortaq layihələr reallaşdırmalıyıq? Gürcüstana gəldikdə, bu ölkə son sınaqdan üzüağ çıxmadı. Gürcüstan hakimiyyətinin Ermənistanla Azərbaycan arasındakı son insidentə göstərdiyi “balanslı” mövqeyi heç zaman unutmayacağıq. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər zaman Azərbaycanla strateji əməkdaşlığa önəm verirdi, etiraf edirdi ki, Rusiya ilə 2008-ci ildəki müharibədən sonra Azərbaycanın Gürcüstana iqtisadi dəstəyi olmasaydı, ölkəsi çökərdi. Əgər Gürcüstanın hazırki hakimiyyəti üçün Azərbaycanla Ermənistanın fərqi yoxdursa, demək biz onlara bu fərqi hiss etdirməli olacağıq”.
Dürrə Həsənova