Yasamal rayonu, “Üç Tac” yaşayış kompleksi ətrafında yerləşən gölün (gölməçə) tikinti aparılması məqsədilə qurudulması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələylə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Unikal.org-a bildirilib ki, 2015-ci ildən bu vaxta qədər həmin gölün doldurularaq qurudulması daim nəzarət altında saxlanılıb və həmin ərazidə tikinti işlərinin aparılmasına dair hər hansı icazə sənədi olmadığından bundan söhbət belə gedə bilməz:
“Yasamal rayonu A. Abbasov küçəsi 25 ünvanda yerləşən “Lake Residence” MMC-nin xüsusi mülkiyyətində olan boş əraziyə ətraf ərazidə yaşayan sakinlər tərəfindən atılmış zibil tullantıları nəticəsində ərazi baxımsız vəziyyətə düşüb. Qeyd olunan ərazi MMC-nin xüsusi mülkiyyətində olduğundan İcra Hakimiyyəti tərəfindən zibil tullantılarının təmizlənməsi, ərazinin abadlaşdırılması ilə bağlı bir neçə dəfə rəhbərliyinə müraciət edilib. 1 ay öncə ətraf ərazidə yaşayan sakinlər tərəfindən ərazinin təmizlənməsi ilə bağlı məsələ qaldırıldıqdan sonra Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həmin ünvanda təmizlik işləri aparılıb və ərazidən 8 maşın zibil tullantıları daşınıb. MMC də öz növbəsində mülkiyyətində olan ərazinin abadlaşdırılması ilə bağlı əraziyə müəyyən texnika cəlb edib, lakin sakinlərin hazırkı müraciətindən sonra İcra Hakimiyyəti tərəfindən qeyd olunan işlər dayandırılıb və aparılan işlər yarımçıq qalıb.
Eyni zamanda qeyd etmək istəyirik ki, həmin ərazidə yerləşən gölün müxtəlif vasitələrlə doldurularaq qurudulması, həmçinin hər hansı tikinti işlərinin həyata keçirilməsinə hazırlıq görülməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub.
O qeyd edib ki, təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək.