Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Unikal.org-un məlumatına görə, bu, Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilmişdi.
Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır.
Beləliklə, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.
Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyinin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyacların yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırmış və bununla bağlı əlavə maliyyə təminatının yaradılmasını zəruri edir.
Qeyd olunan zəruri xərclərin örtülməsi üçün əlavə maliyyə ehtiyatlarının yaradılması yenidən baxılacaq 2020-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb.
Bütövlükdə əlavə tələb olunan 1371,5 milyon manat zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:
- ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış ehtiyat vəsait 465,0 milyon manat;
- səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369,0 milyon manat (koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş Tədris Cərrahiyyə Klinikasının və Tədris Terapevtik Klinikasının, Mərkəzi Neftçilər Xəstəxanasının, yeni tikilən modul tipli xəstəxanaların saxlanılmasına);
- pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238,0 milyon manat;
- pandemiya ilə əlaqədar dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat;
- pandemiya ilə əlaqədar iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100,0 milyon manat;
- cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat (Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun aidiyyəti qurumları və s.);
- bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbiçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün 9,1 milyon manat;
- “ASAN xidmət” üzrə elektron hökumətin tətbiqinin maliyyə təminatı üçün 7,0 milyon manat;
- pandemiya dövründə ölkəyə xaricdən gələn Azərbaycan Respublikası vətəndaşlarının sərhəddə yaradılmış səyyar düşərgələrdə karantindən keçmələri üçün 2,8 milyon manat;
- biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət vəsiqələrinin çap edilməsi ilə bağlı əlavə 6,7 milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.
Bütün bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəkdir ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz, 2019-cu ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3066,3 milyon manat və ya 12,6 faiz çoxdur.
2020-ci il yenidən baxılacaq dövlət büdcəsinin xərclərinin 18046,9 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 790,5 milyon manat və ya 4,6 faiz çoxdur, 7719,1 milyon manatı və ya 28,1 faizi əsaslı xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 91,0 milyon manat və ya 1,2 faiz, 1726,2 milyon manatı və ya 6,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 102,0 milyon manat və ya 5,6 faiz azdır.
Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,5 faiz-bənd artacaq, əsaslı xərclərin xüsusi çəkisi 1,0 faiz-bənd və dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.
Aparılmış dürüstləşmə ilə xərclərin funksional təsnifatının müvafiq xərc bölmələri üzrə edilmiş dəyişikliklər “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunun layihəsində və büdcə zərfində əksini tapıb.