İsa Qəmbərsiz yeni birlik
13:01 11-12-2012
CƏMİYYƏT
İsa Qəmbərsiz yeni birlik
Sərdar Cəlaloğlu hərəkətə keçdi
7 dekabrda müxalifət düşərgəsini qarışdıra biləcək bir hadisə baş verib. Belə ki, ölkənin 8 siyasi partiyasının və Ziyalılar Forumunun təmsilçiləri “Asiman” restoranında bir araya gəliblər Məsələnin maraqlı tərəfi budur ki, həmin toplantıda Müsavat Partiyasının təmsilçisi iştirak etməyib.
Məlumatı verən mənbə bildirir ki, bunun səbəbi bu toplantının əslində Müsavat Partiyasına və hazırda fəaliyyətdə olan İctimai Palataya qarşı olmasındadır: “Son vaxtlar İctimai Palataya daxil olan bəzi partiyaların təmsilçiləri mətbuatda belə bir kampaniya aparırlar ki, İP-dən kənarda daha effektli bir qurum yaratmağın zamanı gəlib. Bu təbliğat işi ilə paralel olaraq, bir sıra partiyalarla separat danışıqlar da gedirdi. Bu görüş həmin danışıqların nəticəsində ortaya çıxıb. Şərti olaraq “Səkkizlər” adlanan bir formatda toplanan partiyalar Ziyalılar Forumunun təmsilçisini də aralarına qatmağa nail olublar. Bununla da İP-siz və Müsavatsız yeni birlik yaratmaq təşəbbüsü istiqamətində addım atılıb ”.
Görüşdə iştirak edən partiyaların və onların təmsilçilərinin kimliyini müəyyən edə bilib. Aydın olub ki, görüşdə ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə , ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev,AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahmud Mirəlioğlu və Ziyalılar Forumunun sədri Rafiq Əliyev iştirak edib. .
Ziyalılar Forumunun təsisçilərindən professor Rafiq Əliyev siyasi partiya liderləri ilə yemək süfrəsində iştirak etdiyini təsdiqlədi: “Məni dəvət elədilər ki, gəlin yemək yeyək. Mən də dəvəti qəbul elədim. Getdim birlikdə yemək yedik. Yarım saat iştirak etdim. Məni siyasətçilərdən biri dəvət eləmişdi. Mən orada olarkən hər hansı birlik yaratmaqla bağlı müzakirə aparılmadı. Bu məsələdə qeyri-adi bir şey yoxdur”. ADP sədri Sərdar Cəlaloğlu isə “Asiman” restoranında qeyd etdiyimiz tərkibdə görüşün olduğunu təsdiqlədi: “Bəli, görüşmüşük. Yemək-içmək olub. Rəsmi heç bir siyasi müzakirə aparılmayıb”. Buda aydın olub ki, tədbirin təşkilatçısı Sərdar Cəlaloğlu ilə İqbal Ağazadə olub. Maraqlıdır, belə bir görüşün təşkili hansı zərurətdən yaranıb və əsas məqsəd sadəcə birgə yemek yeməkmi olub? Müşahidəçilər bildirir ki, görüşdə iştirak edənlərin kimliyinə diqqət ayırsaq aydın olar ki, bu heç də deyildiyi kimi adi ziyafət olmayıb. Çünki tədbirdə “Qarabağ” bloku təşkilatçı, Məşvərət Məclisi isə aparıcı qüvvə olub. Və onların sırasında ənənəvi müxalifətdən yalnız AXCP sədri iştirak edib. Bunu da qeyd edək ki, istər “Qarabağ” bloku, istərsə də Məşvərət Məclisi yeni, daha böyük əhatəli blokun yaranmasına çalışırlar və bununla bağlı hər iki blok demək olar ki, ortaq məxrəcə gəlməyə çox yaxındılar. Amma İctimai Palatada təmsil olunan AXCP və Müsavat yeni birliyin yaranmasını qəbul etmir və bu günə qədər təşkil olunan görüşlərdən kənarda durublar. İndi isə məlum olur ki, Müsavat başqanı İsa Qəmbərdən fərqli olaraq AXCP sədri Əli Kərimli məclisə gəlib. Ekspertlər hesab edir ki, istər “Qarabağ” bloku, istərsədə Məşvərət Məclisi çalışır ki, yeni yaradılacaq blokda ya AXCP ya da Müsavat iştirak etsin. Çünki bu partiyaların birliyi olmadan yaradılan bloklar İP-yə alternativ kimi qəbul edilir və uğur qazana bilmir. Ekspertlər bunu da qeyd edir ki, son aylar AXCP ilə Müsavatın münasibətləri heç də qaydasında deyil və belə anlaşılır ki, əlverişli təklif olarsa AXCP Müsavatla yollarını ayıra bilər. Qeyd edək ki, iki partiya prezident seçkilərində vahid namizədlə iştirak etmək məsələsinə görə razılığa gələ bilmirlər. Bunu da qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu yeni təkliflə çıxış edib və bildirib ki, vahid namizəd məsələsini partiyalar arasında yox, liderlər arasında həll etmək lazımdır. Yəni liderlər bir araya gəlir və ümumi razılıq əldə olunur. Bu baxımdan təşkil olunan məclisin tərkibinə baxsaq aydın olur ki, prezidentliyə namizəd olmaq istəyən müxalif liderləri bir araya artıq gəlib. Belə ki, müxalifət liderlərindən hələ ki, namizəd olacağını bəyan edənlər aşağıdakılardır. Mirmahmud Mirəlioğlu, İqbal Ağazadə, Lalə Şövkət Hacıyeva, Əli Kərimli, İsa Qəmbər , AMİP isə Etibar Məmmədovun namizədliyini dəstəkləyir. Tədbirdə də namizədlərin özləri və nümayəndələri iştirak edib.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27