Xəbər verdiyimiz ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Facebook” profilində rayonların birində 14 yaşlı qızın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılacağına dair məlumat paylaşmışdı. Məsələnin ictimailəşməsi və aidiyyatı qurumların köməyi ilə bu halın qarşısı alındı. Lakin bu cür hallara qarşı ölkə üzrə aparılan mübarizələr kifayət etmir.
Mövzu ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili Aqil Abbas təklif edir ki, belə olan halda kəbin kəsən də, bəy də və az yaşlını nikaha məcbur edən hər kəs cəzalanmalı və bu kimi hallar ictimaiyyətə açıqlanmalıdır.
“18 yaşdan aşağı evlilik qadağandır. Amma müstəsna hallarda 17 yaşı olan adamın icradan icazə almaqla ailələrinin toy etmələrinə icazə verilir. Erkən nikah təhriketmədə günahkar olan bəzi kəslər cəzalanmırlar və bunun nəticəsində hər kəs bir-birini örnək götürür ki, filankəs edirsə, mən niyə etməyim. Bu şəxsərə qarşı çox ciddi cəza tətbiq edilməlidir ki, bu hal Cinayət Məcəlləsində də keçərlidir. Keşmişdə qanun vardı - kəbin kəsdirmək üçün molla dövlətin təsdiqlədiyi nigah sənədini tələb edirdi, amma indi necədir? Bilmirəm. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı maarifləndirmə işləri aparır, məsələ qurum tərəfindən ciddi nəzarətə götürülüb. Az-çox uşaq nikahına məcbur edənlərin cəzalandırılmalarını görürük, amma,təəssüf ki, kifayət etmir və yenə də bu hallar baş verir”.
Dürrə Həsənova