"Mən iki dəfə yox, bir dəfə ailəli olub, boşanmışam. Heç kimi də qaçırmamışam, qız öz xoşu ilə mənimlə gəlməyə razı olub”.
Unikal.org xəbər verir ki, bunu Oxu.Az-a 17 yaşlı qızı qaçırmaqda ittiham edilən Bərdə rayon sakini, 26 yaşlı İsgəndərli Nurlan Ramiz oğlu deyib.
O bildirib ki, heç bir qaçırılmadan, zorakılıqdan söhbət gedə bilməz:
“Qızın atası Eldəniz müəllim hər yerdə qızını qaçırdığımı, onu zorla saxladığımı iddia edir. Şikayət etmədiyi yer qalmayıb. Amma bu söhbətlər həqiqəti əks etdirmir.
Mən Eldəniz bəyin qızı 17 yaşlı Ş.H. ilə onun əmisi oğlunun toy mərasimində tanış olmuşuq. Danışmışıq, görüşmüşük. Onu hazırlıqlara aparıb gətirmişəm. Bir ilə yaxın münasibətimiz olub. Martın 26-da ailəmi elçi göndərdim, amma valideynləri razılıq vermədi”.
N.İsgəndərli deyir ki, elə bundan sonra qızın da razılığı əsasında bu izdivac baş tutub:
“Ailəsi bizim evlənməyimizə razılıq vermədi. Müxtəlif arqumentlər gətirdilər. Gah dedilər, evlənib-boşanıb, gah dedilər, yaşı çoxdur. Birincisi, mən iki dəfə yox, bir dəfə ailəli olub-boşanmışam. Həyatdır, alınmayıb, ayrılmışam. Bu, o demək deyil ki, mən pis adamam.
Yaş məsələsinə gəlincə, ailə o biri qızını 10 yaş özündən böyük adamla evləndirib. Bəs necə olur, indi yaş məsələsini arqument gətirirlər? Qız mənə dedi ki, məni başqasına vermək istəyirlər. Onun öz razılığı ilə sevdiyim insanla evləndim.
Bu gün həyat yoldaşımla çox xoşbəxtəm. Onlar, sadəcə, bizim ailəmizi dağıtmağa çalışırlar. Atası verilişə çıxıb, nə ataya, nə kişiyə yaraşmayan sözlər işlədib. Guya mən onun qızına qarşı pis, əxlaqsız hərəkət etmişəm.
Mən həyat yoldaşım olacaq xanıma qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Hər bir normal ailə kimi biz də həyatımızı yaşayırıq. Heç bir zorakılıqdan, dərman verməkdən, döyülməkdən söhbət gedə bilməz”.
17 yaşlı Ş.H. yayılan söz-söhbətlərə son verilməsini istədiyini deyir.
Onun sözlərinə görə, ailəsi ilə əlaqə saxlamağa icazə verilmədiyinə dair söhbətlər yalandır:
“Deyilənlərin hamısı yalandır. Mən valideynlərimlə telefonla səsli və görüntülü şəkildə danışmışam. Onlara da demişəm ki, qaçırılma olmayıb, mən öz xoşumla Nurlanla gəlmişəm. Ailəmlə xoşbəxtəm.
Atam böyük bacımı evləndirdikdən sonra mənə deyirdi ki, səni evləndirməyəcəm. Bilmirəm, bəlkə də, buna görə belə edir. Sosial şəbəkələrdə yazılanların heç biri doğru deyil”.