Oqtay Şirəliyevin nazirliyinin bir yalanının 5 yaşı
11:41 13-12-2012
CƏMİYYƏT
Oqtay Şirəliyevin nazirliyinin bir yalanının 5 yaşı
Azərbaycanda pullu səhiyyəyə rəhmət oxutduran "pulsuz səhiyyə"
Bu yaxınlarda internet resurslarında bir yazı ilə rastlaşdıq. Orada bildirilirdi ki, düz 5 ildir Azərbaycanda hamı pulsuz tibbi xidmətə keçidin məziyyətlərindən danışır. Daha doğrusu, səhiyyə sistemində ödənişsiz xidmətə keçməyin yaratdığı problemlərdən. 2008-ci ilin 1 fevralından, yəni Səhiyyə Nazirliyinin dövlət xəstəxanalarında pullu tibbi xidmətin ləğvi barədə qərarı qüvvəyə minəndən bəri hamı yapışıb yazıq həkimlərin yaxasından ki, xəstələrdən pul alınmamalıdır. Səbəb də odur ki, dövlətin qərarı ilə Azərbaycanda səhiyyə xidmətləri pulsuzdur.
Yazıda haqlı olaraq qeyd edilirdi ki, dövlət xəstəxanalarında pullu tibbi xidmətin guya, ləğv olunduğu 5 illik təcrübə göstərir ki, hazırkı şəraitdə Azərbaycanda pulsuz tibbi xidmət nəinki mümkün deyil, əksinə, adi vətəndaşların da, bu həkimlərin də ziyanına işləyir. Səbəb isə odur ki, hər şeyin pulla ölçülüb-biçildiyi Azərbaycanda tibbi xidmət kimi insanlar üçün həyati əhəmiyyət daşıyan vacib bir sahə necə ödənişsiz ola bilər?! Bir ölkədə ki, dünyaya gələn insana verilən "Doğum haqqında şəhadətnamə"nin "şirinliyi" 50 manatdır, işə girmək, diplom almaq, mağaza açmaq - hər şey pulladır, onda xəstə canlarını sağaltmaq üçün həkimlərə necə pul verməyəsən? Bundansa, dövlətin inhisarında olan bütün səhiyyə müəssisələrinin özəlləşdirilməsi, əvəzində icbari tibbi sığortanın tətbiqi daha effektli olar.
İndi maraqlı olan odur ki, "pulsuz səhiyyə"yə keçidimizin 5-ci ilində hələ də Oqtay Şirəliyevin nazirliyi əslində ölkədə pulsuz səhiyyənin izinin-tozunun qalmamasından həvəslə danışmağa davam edə bilir.
Əslində Səhiyyə Nazirliyinin "pulsuz səhiyyə" barədə qərarının işləməyəcəyi ilk gündən bəri məlum idi. Bu daha çox gözə kül üfürmək məqsədi daşıyan və populist bir addımdan başqa heç nə deyildi. Niyə? Çünki həkimlərin 200-300, tibb bacılarının bundan da qat-qat aşağı maaş aldığı bir ölkədə pulsuz səhiyyəyə keçməklə bağlı qərarın işləyəcəyinə heç kimi inandırmaq mümkün deyil. Siz pulsuz səhiyyədən danışa bilərsiniz - amma rüşvətin sayəsində elə bir vəziyyət yaranıb ki, Azərbaycanda pullu səhiyyə "pulsuz səhiyyə"nin yanında toya getməli olub.
"Unikal" olaraq araşdırmalarımız nəticəsində məlum oldu ki, həqiqətən də pulsuz səhiyyənin, dövlət hesabına müayinə və müalicələrin mövcud olduğu ölkələrlə Azərbaycanın səhiyyə işçilərinin maaşı arasında yerlə göy qədər fərq var. Məsələn, ABŞ-da səhiyyə işçiləri 14 5 min dollar, İsveçrədə 7,8 min avro, Böyük Britaniyada 7 min avro (onu da qeyd edək ki, Britaniyada sahə həkimlərinin aldığı əmək haqqı baş nazirin maaşından çoxdur), İsraildə 7467,917 dollar, Niderlandda 6,3 min, Fransada 6 min avro, Sinqapurda isə 6 min dollar, Almaniyada 5,5 min avro, Yaponiya və Tayvanda 5,4 min dollar, Italiyada 5,2 min avro, Ispaniyada 5 min, Danimarkada 4,6 min avro, Finlandiya və Portuqaliyada 2,5 min avro, Küveytdə 2,4 min dollar, Estoniyada 2,1 min, Çexiyada 1,6 min, Polşada 1,5 min, Latviyada 1,1 min, Litvada 900, Rumıniyada 650 avro maaş alır. Göründüyü kimi, Azərbaycan həkimləri ilə ABŞ, Avropa və dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə işçilərinin əmək haqqı arasında fərq müqayisəolunmaz dərəcədədir. Belə ki, Azərbaycanda həkimlərin maaşı isə 150-200 manatdır. Rəsmi statistikaya görə, yaşayış minimumu 95 manat olsa da, müstəqil iqtisadçıların hesablaması bu rəqəmin 168 manat təşkil etdiyini deyir.
Belədə Oqtay Şirəliyev və onun nazirliyi hansı pulsuz xidmətdən danışa bilərlər ki, ölkəmizdə səhiyyə işçiləri aldıqları maaşla başlarını dolandırmaq gücündə deyillər və rüşvətə məhkumdurlar.
Qərbi və Avropanı bir qırağa qoyaq, elə MDB ölkələrindəki vəziyyətlə müqayisədə də Azərbaycan həkimlərinin acınacaqlı durumu bütün çılpaqlığı ilə ortaya çıxır. Məsələn, Rusiyada həkimlərin orta aylıq əmək haqqı 800 dollar təşkil edir. Belarus həkimləri də azərbaycanlı həmkarlarından çox maaş alır. Bu ölkədə tibb işçilərinin minimum əmək haqqı 340 dollar təşkil edir. Qazaxıstanda bu göstərici 300-800 dollar arası,
Ukraynada isə 300 dollardır. Nisbətən aşağı göstərici Gürcüstandadır. Bu ölkədə həkimlər azərbaycanlı həmkarları qədər əmək haqqı alır. Ancaq bu məbləğ yaşayış minimumundan xeyli yüksəkdir.
Türkmənistanda büdcə təşkilatlarında çalışanların orta aylıq əmək haqqı 180-200 dollardır. Ancaq bu pula 1128 kq çörək, yaxud 65 kq ət, 270 kq qənd, 49 kq yağ almaq olar. Onu da xatırlatmaq lazımdır ki, bu ölkənin əhalisi istifadə etdiyi təbii qaz, elektrik enerjisi, suya görə pul ödəmir. Digər kommunal xərclər isə simvolikdir.
Bizim dilənçi günündə zənn etdiyimiz Ermənistanda isə... həkimlər minimum 385,601 dollar alır. Bu ölkədə yaşayış minimumu isə 140 dollardır.
Hətta dünyanın ən kasıb ölkələrindən biri sayılan Anqolada da həkimlər Azərbaycan həkimlərindən yüksək əmək haqqı alır. Səhiyyədə çalışanların maaşı 500-2500 dollar arasındadır.
Biz çox aydın müşahidə edirik ki, Azərbaycanda yaxşı müalicə ala bilməyən xəstələr, adətən, qonşu İrana üz tutur. Bunun səbəbi yalnız o deyil ki, bu ölkədə səhiyyənin səviyyəsi yüksəkdir, həm də bu, ona görədir ki, bu sahədə çalışanların əmək haqqının yüksək olması İranda real pulsuz və keyfiyyətli səhiyyə sisteminin formalaşmasına gətirib çıxarıb.
Bütün bunlardan sonra Oqtay Şirəliyevin nazirliyindən hələ də kimlərsə Azərbaycanda doğrudan da pulsuz səhiyyənin mövcudluğundan danışacaqlarsa, deməyə əlavə söz qalmır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04