Səfər Əbiyev nəyi araşdırır?
10:53 14-12-2012
CƏMİYYƏT
Səfər Əbiyev nəyi araşdırır?
Müdafiə naziri "öz ayranına turş deyəcəkmi"?
Mətbuatdan məlum olduğu kimi, Müdafiə Nazirliyi son günlər əsgərlər arasında baş verən ölüm faktlarına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu jurnalistlərə açıqlamasında bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi son günlər bir əsgərin xəstəlikdən ölməsi və digər əsgərin isə intihar etməsi faktı ilə bağlı ciddi araşdırmaların aparılmasına dair xüsusi göstəriş verib.
Sabiroğlu daha sonra əlavə edib: "Bilirsiniz ki, bir neçə gün əvvəl bir əsgərimiz xəstəlikdən dünyasını dəyişib, daha bir əsgərimiz isə intihar edib. Əsgərin intihar etməsi faktı ilə bağlı ciddi iş aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi bununla bağlı xüsusi tapşırıq verib. Respublika Hərbi Prokurorluğu tərəfindən artıq cinayət işi başlanıb. Yəqin ki yaxın günlərdə intiharın səbəbi məlum olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək".
İlk baxışda təqdirəlayiqdir deyilmi? Amma yalnız ilk baxışda!
Öncə gəlin bir statistika ilə tanış olaq: həri QHT-lərin informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adı siyahı üzrə 2012-ci ilin geridə qalan dövründə (daha dəqiqi, 10 noyabrınadək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 93 nəfər təşkil edib. Ötən müddətdə 86 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 3-ü mina, 1-i əməliyyat, 74-ü isə qeyri-döyüş itkiləridir.
8 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 15 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 10 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 13 nəfər xəstəlikdən dünyasını dəyişib. 19 nəfər intihar edib. Dünyasını dəyişənlərin 81-i Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.
İndi Səfər Əbiyevin nazirliyindən soruşmağa ehtiyac var: Müdafiə Nazirliyi sistemində bu günədək 81 əsgərin ölümü araşdırılıbmı? Araşdırılıbsa, onun nəticələri cəmiyyətə niyə məlum deyil? Araşdırılmayıbsa, səbəbi nədir? Və nəhayət, Səfər müəllim niyə son iki əsgər ölümünü araşdırmağa ehtiyac görüb?
Əslində isə Azərbaycan ordusunun qeyri-döyüş şəraitində itkilərinin artmasını xüsusi araşdırmağa da ehtiyac yoxdur, illərdir mətbuat və hərbi ekspertlər bu mövzuda yazırlar, danışırlar. Amma çifayda. Müdafiə Nazirliyi rəhbərliyində onları dinləyən yoxdur ki?
Hamı bilir ki, orduda əsgər ölümlərinin bir-birini əvəzləməsinin səbəblərini aşağıdakı kimi təsnifatlaşdırmaq olar.
Birinci səbəb, hərbi hissədə nizam-intizamın aşağı olmasıdır. Komandir heyəti əsgərlərə nəzarət edə bilmir. Bunun nəticəsində əsgərlər arasında tez-tez münasibət pozğunluğu yaranır.
İkinci səbəb, "dedovşina" faktorudur. Köhnə əsgərlərlə gənc əsgərlər arasında tez-tez mübahisə düşür. Bu da işgəncə və ölüm faktorunun sayının artmasına səbəb olur.
Digər səbəb əskərlərin komandirlər tərəfindən incidilməsi və onların müxtəlif hərəkətlərə (ağır işlərə, pul vermə və s.) təhrik edilməsidir.
Başqa bir səbəb hərbi hissələrdə gənc əsgərlərlə mənəvi-psixoloji işlər aparılmamasıdır.
Və nəhayət, əlbəttə ki, korrupsiya. Ordu sistemində korrupsiyanın necə dərin kök saldığı hətta iqtidara yaxın mətbuat orqanlarında, hakimiyyətyönlü deputatların, QHT rəhbərlərinin dili ilə belə, etiraf olunur. Korrupsiyanın olduğu yerdə isə faciələr qaçılmazdır.
İndi bizə maraqlıdır: əsgər ölümləri araşdırılarkən işin bir ucu yuxarıda sadalanan səbəblərin hər hansı birinə gedib çıxsa, Müdafiə Nazirliyi bunu cəmiyyətə açıqlayacaq qədər səmimi davrana biləcəkmi? Yoxsa yenə ənənəvi qaydada bəhanələr tapacaq və gerçək səbəbləri malalayacaqmı?
Bir az da obrazlı desək, - Səfər Əbiyev axır ki, "ayranına turş deyəcəkmi"?
Günel Əkbər
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44