Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax, budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik.
Unikal.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Balaxanı qəsəbəsinin sakinləri ilə görüşdə bildirib.
Dövlətimizin başçısı deyib ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir.