Xarici İşlər Nazirliyi Konsulluq idarəsinin hüquq şöbəsinin sabiq rəisi Nurupaşa Abdullayevin vəkili müdafiə etdiyi şəxsin həbs qətimkan təbdirinin ev dustağlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Unikal.org xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə vəkil Tərlan Xanəliyevin vəsatətinə baxılacaq.
Xatırladaq ki, Nurupaşa Abdullayev bu il iyul ayının 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin XİN-də keçirdiyi əməliyyat zamanı həbs edilib. Belə ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və ittiham verilib.
Azər İsrafilov