Artıq ölkənin ictimai-siyasi arenasında bütün diqqət cəbhəyə yönəlib. “Unikal” qəzetinə müsahibə verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da Vətən Müharibəsinin başladığını və qısa müddətdə qalib gələcəyimizdən əmin olduğunu bildirib.

-Akif bəy, uzun illərdir Qarabağ uğrunda savaş istəyirdiniz, artıq proses başladı. Hazırkı durumu necə dəyərləndirirsiniz?

-İllərdir gözlədiyimiz, həsrətini çəkdiyimiz gün gəlib çatıb. Biz uzun illərdir ki, müharibənin başlamasını gözləyirdik, çünki bu məsələnin başqa yolunun olmadığını düşünürdük. Təbii ki, əsas hədəfimiz və istədiyimiz torpaqlarımızın işğaldan azad olunmasıdır. Amma torpaqların işğaldan azad olunması üçün müharibə başlamalı idi. Unutmayaq ki, müharibə də ağır bir işdir. Şükrlər olsun ki, ciddi hazırlıq işi həyata keçiriləndən sonra həm daxili, həm xarici amillər nəzərə alınmaqla  bu addım atıldı. Onu da xüsusi ilə qeyd etməliyəm ki, biz müharibəni ermənilərin təxribatına cavab olaraq başlamışıq. Ermənistan həddini çox aşmışdı, cavabını almalı idi. Həm başqa ölkənin torpaqlarını işğal eləmişdilər, həm də qıcıqlandırıcı ritorika ilə danışırdılar. İşğal olunmuş ərazilərimizdə müxtəlif oyunbazlıqlar eləmək, Azərbaycanı hədələmək və digər hərəkətlər edirdilər. İndi hansısa deşiyə girən müdafiə nazirləri Tonoyan ərazi iddialarında bulunurdu. Təbii ki, bu təxribatlar cavabsız qalmamalı deyildi. Əslində, təxribat olmasa da, biz uzunmüddətli işğalla, mənasız danışıqlarla kifayətlənməməli idik.

-Adətən cəbhə bölgəsinə səfərləriniz olurdu. Son günlər necə bölgədə olmusunuzmu, nələri müşahidə eləmisiz?

-Bir neçə gün cəbhə bölgəsində olduq, insanlarla görüşdük, imkan daxilində hərbiçilərimizlə maraqlandıq. Əhval-ruhiyyə həddindən artıq yüksəkdir. İnsanlarda bir coşqu var və deyirlər ki, biz ordumuzun güclü olduğunu bilirdik, amma bu səviyyədə mobil, nizamlı və qüdrətli olduğunu təsəvvür eləmirdik. Sakinlərdə heç bir panika yoxdur. Tutaq ki, 100-200 metr aralıya mərmi düşür, amma insanlar bunu adi qarşılayırlar, qorxmurlar. Ölümün gözünə dik baxan millət bəlkədə yoxdur. Ordu öz işini bilir və üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir, biz onların işinə qarışa bilmərik. Müşahidələrimiz onu deyir ki, ordumuz düşmənin çox ciddi müdafiə istehkamlarını yara-yara irəliləyir.

-Məlum olduğu kimi, qismən səfərbərlik elan edilib, insanlar orduya yazılır və döyüşə yola düşür. Ümumiyyətlə, arxa cəbhədəki vəziyyətlə bağlı nə düşünürsünüz?

-Hərbi çağırışla bağlı qanunda hər kəsin üzərinə məsuliyyət düşür. Biz həm fərd olaraq, üzərimizə qoyulan vəzifəni yerinə yetirməyə çalışırıq, həm də Qarabağ Azadlıq Təşkilatı olaraq əlimizdən gələni edirik. Bu da o deməkdir ki, hər kəs ayıq, diqqətli olmalıdır, təxribatlara imkan verilməməlidir. Çünki düşmən tərəf müxtəlif vasitələrlə çaşqınlıq yaratmağa çalışırlar. Qarabağ Azadlıq Təşkilatının bütün rayon şöbələrinə tapşırıqlar verilib ki, hər kəs öz yerində bu istiqamətdə təbliğat aparsın. Hesab edirəm ki, dövlət strukturları da yüksək səviyyədə çalışırlar. Bildiyiniz kimi, komendant saatı tətbiq edilib. Ən müsbət məqam odur ki, insanlar bütün qaydalara əməl edirlər. Aidiyyatı dövlət qurumları ciddi təhlükəsizlik təbdirləri həyata keçirirlər. Metrolarda və digər ictimai yerlərdə yoxlama işləri həyata keçirirlər. Harda bir təxribat ola bilərsə, ona qarşı ciddi tədbirlər həyata keçirilir. Müsbət məqam odur ki, insanlarımız nizamla müharibə qaydalarına əməl edirlər. Artıq insanlar şüurlu şəkildə anlayırlar ki, qayda-qanuna əməl etmək lazımdır.

-Siyasi partiyalar da vahid mövqedən çıxış etməkdədirlər. Siyasilərin bu həmrəyliyi yetərli səviyyədədirmi?

-Sevindiricidir ki, hər kəs eyni mövqedən çıxış edirlər. Siyasi partiyaların böyük əksəriyyəti bəyanatla çıxış etdilər, dövlətin, ordunun yanında olduqlarını bəyan etdilər. İki partiya fərqli mövqe tutdu, onlar da həmişə fəqrli mövqedən çıxış edirlər. Amma inanmıram ki, onlar da ümummili məsələlərdə vahid mövqedən çıxış etməkdən imtina eləsinlər. Bəzən görürsən ki, bizim bəzi siyasi təşkilatlarımız, xüsusən də Qərblə bağlı olan partiyalarımız fərqli mövqelərdən çıxış edirlər, özlərini qlobalist kimi göstərirlər. Mən inanmaq istəmirəm ki, onlar Qərbdən hansısa sifariş gözləsinlər ki, mövqelərini ifadə etsinlər. Çünki Qərbin mövqeyinə də diqqət yetirəndə görürsən ki, Azərbaycanın haqlı mövqeyinə uyğun deyil. Amma ümummilli məsələlərdə bütün siyasi qüvvələr, ümumən cəmiyyət vahid mövqedən çıxış etməlidirlər. Kim liberaldır, kim kommunistdir, bu məsələlər arxa plana keçməlidir.

-Yerigəlmişkən beynəlxalq təşkilatların, bəzi dövlətlərin Qarabağ cəbhəsində baş verənlərlə bağlı mövqelərini necə dəyərləndirirsiniz? Ermənistanın təxribatlarına, son dövrlər verdiyi təxribatçı bəyanatlarına adekvat cavab vermirdilər, amma indi əl-ayağa düşüblər. Sizcə, niyə belə narahatdırlar?

-Azərbaycan Prezidenti onların hamısına bütün cəmiyyətin adından lazımi cavab verdi. BMT-nin baş katibinin illərdir Qarabağ yadına düşmürdü. Azərbaycan Ordusu öz gücünü göstərən kimi o dəqiqə narahat olmağa başladı. Azərbaycan və Ermənistan rəhbərliyini videokonfransa dəvət elədi. Təhlükəsizlik Şurasının ayrıca toplantısı keçirildi. Avropa Şurası da, ATƏT də, Avropa Birliyi də analoji yanaşma sərgiləyirlər. İndiyə qədər Azərbaycanın torpaqları işğal altında idi, BMT-nin 4 qətnaməsi var idi, beynəlxalq hüquq pozulmuşdu, amma bu təşkilatlar, bu dövlətlər ikili standartla yanaşırdılar. Azərbaycanın torpaqları 30 ildir işğal altındadır, amma beynəlxalq təşkilatların vecinə deyildi, indi öz ərazi bütövlüyümüzü təmin etmək üçün döyüşlərə başlamışıq hərəsi bir tərəfdən narahat olduğunu bəyan edir. Prezident İlham Əliyev bu mövqeyini hər dəfə ifadə edirdi. Səhv etmirəmsə, ayın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən açıq şəkildə bildirib ki, Ermənistan müharibəyə hazırlaşır, biz onların cavabını verəcəyik. Yəni, bu məsələ bütün beynəlxalq təşkilatlara deyilib, indi də deyilənlər gerçəkləşdirilir. Azərbaycanın bir şərti var: ərazi bütövlüyümüz təmin olunsun, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Ondan sonra sülh ola bilər. Bu gün ATƏT-in Minsk Qrupu, beynəlxalq təşkilatlar, yaxuddakı digər dövlətlər müharibənin dayanmasını istəyirlərsə, Azərbaycanın şərtini yerinə yetirməlidirlər. Görürsünüz ki, ciddi məsləhətləşmələr gedir. Rusiyanın Xarici işlər naziri, Prezidenti, Fransa prezidenti, beynəlxalq təşkilatlar öz aralarında görüşürlər, danışırlar. Amma bir məqam hiss olunur ki, diqqəti əsas məsələdən yayındırmağa çalışırlar. Daha çox Türkiyənin adını hallandırırlar. Əsas məsələ kənarda qalıb düşüblər, Türkiyə filan məsləyə belə münasibət göstərdi və sair. Erməni təxribatından danışmırlar, amma Türkiyənin dəstəyini görən kimi əlli yerə yozurlar. Ola bilsin ki, Türkiyəni vurmaq məqsədini gerçəkləşdirmək istəyirlər. Yəni, yenə də obyektiv deyillər, işğalçı yox, ərazi bütövlüyünü təmin etmək istəyən qüvvəni günahkar çıxarmağa çalışırlar. Amma bu əks-hücum bir şeyi də sübut elədi. İllərdir ki, belə bir düşüncə var idi ki, biz müharibəyə başlayarıqsa, bütün dünya bizə qarşı olacaq, təzyiqlər edəcək. Artıq ortada iradə var, öz haqq savaşımıza başlamışıq və ciddi təzyiq filan da yoxdur. Artıq beynəlxalq təşkilatlar da, böyük dövlətlər də Azərbaycanın haqlı mövqeyini başa düşürlər və qəbul edirlər. Biz də bu vəziyyətdən yararlanıb öz torpaqlarımızı işğaldan azad etməliyik.

Z.Məmmədli