Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən Unikal.org-a  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Xəyal Əsədli saxlanılıb. Onun üzərinə baxış zamanı 3 qram heroin, 2 qramdan artıq tiryək, 3 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Xəyal Əsədlinin Masazır qəsəbəsində yerləşən evinə baxış zamanı 1 kiloqram 55 qram heroin, 995 qram tiryək, 3 kiloqram 110 qram metamfetamin, 5 kiloqram 500 qram qurudulmuuş marixuana,  həmçinin satışı və istifadəsi qadağan olunan psixotrop tərkibli 700 ədəd “Metadon M 40”, 150 ədəd tramadol həbləri və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Sabirabad rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Elman Muradov saxlanılıb. Onun üzərinə baxış zamanı 30 qram, yaşadığı rayonun Cəngan qəsəbəsindəki evindən isə 7 kiloqram 245 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Elman Muradov ifadəsində yaşadığı evin həyətində sonradan qurudub satmaq məqsədi ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Baş İdarənin əməkdaşları tərəfindən Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini Anar Məmmədov tutulub. Saxlanılan zaman onun üzərindən 3 kiloqram heroin və 300 qram psixotrop maddə metamfetamin aşkar edilib.

Həyata keçirilən sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 21 kiloqram 245 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri  tutularaq istintaqa təqdim olunublar.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.