Bakının müxtəlif rayonlarında yol infrastrukturuna külli miqdarda ziyan vurmaqla oğurluq edən dəstə üzvləri zərərsizləşdirilib.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, yol kənarlarında quraşdırılan yağış və qurund sularının axıdılması üçün nəzərdə tutulan ötürücü barmaqlıqların naməlum şəxslər tərəfindən oğurlanması barədə müvafiq təşkilatlardan çoxsaylı şikayətlər daxil olub. Oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Şahmalı Əzimov və qardaşı Nizami tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər oğurladıqları dəmir qurğuları metal qəbulu ilə məşğul olan Niyazı adlı şəxsə satıblar. Əməliyyat zamanı suötürücü barmaqlıqları oğurluq olduğunu bilə-bilə alan paytaxt sakini Niyazi Fərəcov da saxlanılıb. Bu şəxslərin yaşadıqları ünvanlara və işlədikləri yerlərə baxış zamanı oğurlanan suötürücü barmaqlıqların bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd olunan faktlarla bağlı cinayət işinin istintaqının aparılması üçün toplanan materiallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Araşdırma zamanı Şahmalı və Nizami Əzimovların paytaxtın müxtəlif nöqtələrindən 90 ədəd suötürücü qurğular oğurladığı və ümumilikdə yol infrastrukturuna 12 min manata yaxın maddi ziyan vurduqları məlum olub.