Noyabrın 11-də saat 16 radələrində Saatlı rayonu, Orta Muğan kənd sakini 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Saatlı rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin əri 1987-ci il təvəllüdlü Şirinov Qadir Əyyub oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək Aynur Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qadir Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.