Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini Rza Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı 6 qram qurudulmuş marixuana, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən evinə baxış zamanı isə 1 kq-a yaxın marixuana, 46 qram həşiş, satışı qadağan edilən 10 ədəd tramadol həbi, 1 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçağı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Baş İdarə əməkdaşları tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Elnur İbrahimov tutulub. Onun üzərinə baxış zamanı 1 kiloqram 10 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Elnur İbrahimov ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.