İşğaldan azad olunmuş Ağdam rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla və böyük ruh yüksəkliyi ilə ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Ağdamda ağac əkilməsi çağırışına rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə digər qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri də sevinc və fəxrlə qatılıb.
Hər kəs Qarabağ bölgəsində Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına, Ağdamın gözəlləşməsinə, doğma torpaqlarımıza Böyük Qayıdış təntənəsinə öz töhfəsini verməyə çalışıb.
Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində Ağdam rayonu ərazisində də baş tutan aksiyada, əsasən yerli şəraitə uyğun Şərq çinarı olmaqla, 1000-dək müxtəlif cinsl ağac əkilib, palıd və digər meşəcinsli ağac toxumları səpilib.
Xatırladaq ki, işğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarının ərazilərində də yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları keçirilib və bu cür kütləvi ağacəkmə tədbirlərinin bütün Qarabağ bölgəsində təşkili nəzərdə tutulur.