İvanişvili ağıllandımı?
13:41 28-12-2012
CƏMİYYƏT
İvanişvili ağıllandımı?
İvanişvili: "Bu, tələsik verilmiş bəyanat idi"
Elxan Şahinoğlu: “İvanişvilinin həmin bəyanatı onun siyasi təcrübəsizliyndən irəli gəlirdi”
Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycana rəsmi səfəri başa çatdı və bu səfər Azərbayanda, demək olar ki, hamının gözləntilərini doğrultdu. Nə mənada? O mənada ki onun başçılıq etdiyi “Gürcü arzusu” bloku Gürcüstanda bu il keçirilən parlament seçkilərində indiki Prezident Saakaşvilinin partiyası üzərində inamlı qələbə çaldıqdan sonra iqtidara gələn İvanişvili ekstravaqant bəyanatlar verməyə və elə bir o qədər də ekstravaqant addımlar atmağa başladı. Bu “ekstravaqantlığın” təfsilatına varmadan (çünki bu barədə dəfələrlə yazmışıq) qeyd edək ki, İvanişvilinin bu cür bəyanatlarından bir neçəsi də Azərbaycan-Gürcüstan münasibətlərini təftiş etməyə yönəlmişdi. Və təbii ki, bu bəyanatlar Azərbaycanda narazılıqla qarşılanmışdı. Politoloqlar və siyasətçilər gürcü baş nazirin yerində oturdulması üçün müvafiq addımların atılmasının zəruriliyindən danışmağa başladılar. Və bu cür radikal tələbin əsası da var: Gürcüstan heç kimdən yararlanmadığı qədər Azərbaycandan yararlanır, əvəzində isə...
Xülasə, gürcü baş nazir gəldi və yumşaq şəkildə desək, fərqli bir ampulada danışmağa başladı. Belə ki Gürcüstanın baş naziri ölkə Prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşlər keçirəndən sonra bir xeyli yumşaldı və necə deyərlər, özünə gəldi.
Rəsmi görüşlərdən sonra Gürcüstanın Baş naziri Bidzina İvanişvili söyləyib ki, Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin realizasiyasında heç bir problem yoxdur.
İvanişvili Bakıda rəsmi görüşlərdən sonra jurnalistlərə deyib: "Mən bundan əvvəl demişdim ki, Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə verildikdən sonra Gürcüstanın dəmiryolları ilə yük daşımaları, yəqin ki, azalacaqdır. Lakin bu, tələsik verilmiş bəyanat idi. Əslində bu məsələdə heç bir problem yoxdur".
Onun sözlərinə görə, Azərbaycan Prezidenti ilə görüş çox səmimi dostluq şəraitində keçib.
Onun dediyinə görə, "Görüşdə mən qeyd etdim ki, bu bəyanat tələsik verilmiş bəyanat idi və bu məsələdə heç bir problem yoxdur".
Baş nazir qaz tarifləri barədə suala cavab verərkən qeyd etmişdir ki, Azərbaycan Gürcüstana qazı çox məqbul qiymətlərlə satır. Baş nazir qeyd edib ki, qaz tarifinin azaldılmasını Gürcüstanda axtarmaq lazımdır.
O deyib: "Mən Gürcüstan üçün yaradılmış şəraitə görə Azərbaycanın Prezidentinə və hökumət başçısına minnətdarlığımı bildirirəm".
İvanişvili Azərbaycanın ali rəhbərliyi ilə görüşdən aldığı təəssüratlarını da bölüşüb:
"Mən gördüm ki, bu, öz xalqı üçün, ölkəsi üçün böyük işlər görən əsl dövlətdir. Azərbaycan dövləti ölkənin idarə olunmasına uzaqgörənliklə yanaşır. Azərbaycanın Prezidenti və Baş Naziri ilə görüşdən sonra əmin oldum ki, ölkələrimiz arasında gözəl münasibətlər vardır. Əgər aramızda hər hansı xırda məsələlər meydana çıxarsa, biz bu məsələləri dostluq şəraitində həll edə bilərik".
“Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, “İvanişvilinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Bakı-Tiflis-Qars dəmiryolunun ünvanına söylədiyi məlum ittihamları parlament seçkilərindəki qələbədən sonra yaranmış eyforiyanın nəticəsi kimi dəyərləndirmək daha düzgün olar. İvanişvili siyasət adamı deyil və onun zahirən radikal görünən bəyanatları da məhz onun siyasi təcrübəsizliyindən qaynaqlanırdı”.
Politoloqun fikrincə, “Sözügedən dəmiryolunun çəkilişi Azərbaycandan daha çox Gürcüstana faydalar gətirəcək və bu elementar həqiqəti Gürcüstanda anlamamış deyillər. Azərbaycan tərəfi bu layihənin gerçəkləşməsi üçün Gürcüstana külli miqdarda və aşağı faizlə kredit də verib ki, heç bir dövlət bu addımı atmazdı. İndiki Gürcüstanın iqtisadiyyatının inkişafında Azərbaycanın payı müqayisə edilməz səviyyədədir və Azərbaycan əlini Gürcüstanın üstündən çəksə, bu ölkənin iqtisadiyyatı çökər. Ona görə də siyasətçidən daha çox məşhur iş adamı olan İvanişvili bu həqiqəti yavaş-yavaş anlamağa başlayacaq. Amma ola bilər ki, İvanişvili gələcəkdə də bu cür naşı bəyanatlar versin. Çünki Rusiya-Gürcüstan münasibətlərini yenidən qaydaya salmaq yönündə onun atmaq istədiyi addımlar ciddi maneələrlə üzləşəcək və bu epizodlarda onun qeyri-professional reaksiyaları qeydə alına bilər”.
Savalan
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31