Rusiyadan Qarabağ çağırışı
Rusiyadan Qarabağ çağırışı

2013-cü illə bağlı proqnoz

2012-ci il artıq sona çatır. Bu il cəmiyyətin, o cümlədən beynəlxalq təşkilatların bir ümidi var idi ki, Dağlıq Qarabağ problemi öz həllini tapacaq. Ən azından Türkiyə-Ermənistan sərhəddi açılacq və Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi rayonları geri qaytaracaq. Amma bunların heç biri olmadı. Hətta bu il sərt bəyanatlar daha çox oldu və aydınlaşdı ki, Ermənistan nəinki Dağlı Qarabağın taleyini həll etmək istəmir, həmçinin işğal etdiyi rayonlardan da çıxmaq niyyətində deyil.

Buda aydın oldu ki, ATƏT-in Minsk qurupu ümidləri doğrultmur və onların səfərlərində tək məqsəd atəşkəsin qorunub saxlanılmasıdır. Bu il həm də atəşkəsin ən çox pozulduğu il oldu və bir neçə ay öncə müharibənin başlanmasına belə təsir edəcək səviyyədə qarşıdurmalar oldu. Beləliklədə 2012-ci ilə olan ümidlər məfv oldu. Bununla yanaşı həm də bu il Azərbaycan tərəfi açıq şəkildə bəyan etdi ki, danışıqların bu şəkildə davam etməsi mənasızdır və buna görə başqa addımlar haqqında da düşünməyin vaxtı çatır. İndi isə ümidlər 2013-cü ilə yönəlib. Amma ekspertlər hesab edir ki, 2013-cü ildə həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri olacaq və seçkilər zamanı aparılan danışıqlar bəzən tamamı ilə dayandırılır. Buna görə də 2013-cü il gözləntiləri də səmərəsizdir. Amma Rusiyanın xarici işlər naziri bu günlərdə maraqlı açıqlama verib.
“Rusiya MDB məkanında olan münaqişələrin siyasi həlli üçün özünün səylərini davam etdirəcək. Bu, ilk növbədə Dağlıq Qarabağ və Dnestryanı problemləri əhatə edir”. Modern.az bildirir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov Moskvanın 2013-cü il üçün xarici siyasi prioritetlərini şərh edərkən bildirib.
“Rusiya beynəlxalq gündəlikdə olan bütün mühüm məsələlərin mümkün həllinin tapılmasında maraqlıdır. Əminliklə demək olar ki, 2013-cü ildə münaqişələrin həlli dünya ictimaiyyəti üçün əsas prioritet istiqamət olacaq. Bizim diqqətimizdə Yaxın Şərq, Şimali Afrika və Əfqanıstan olacaq. Bundan savayı Rusiya MDB məkanında olan münaqişələrin, xüsusən Dağlıq Qarabağ və Dnestryanı bölgədə münaqişənin həlli üçün fəal işləyəcək”-deyə Lavrov vurğulayıb.Maraqlıdır, Lavrovun dediyi fikirlər nə qədər əsaslı ola bilər? Məsələyə ekspertlərin yanaşması fərqlidir. Məsələn, bir tərəf iddia edir ki, Dağlıq Qarabağ problemini yaradan Rusiyanın özüdür və Rusiya yaratdığı problemi həll etməyədə qadirdir. Bunun üçün Ermənistana edə biləcəyi təzyiqlə məsələni həll edə bilər. Bəs Rusiya necə problemi həll etməyə çalışırmı? Təssüf ki, buna müsbət cavab vermək mümkün deyil. Ekspertlər hesab edir ki, bu gün Rusiya regionda qalmaq üçün bu münaqişə ocaqlarını sona qədər saxlamağa çalışacaq. Bu isə artıq ümidləri məfv edir. Başqa bir tərəf isə iddia edir ki, Rusiyanın siyasi dairələri belə problemi həll etməyə həvəs göstərsələrdə, hərbi institutları buna imkan vermir. Xatırlayırsınızsa 2012-ci ildə Rusiyanın prezidenti Dimitri Medvediyev iki ölkə prezidentlərinin səkkiz dəfə görüşünü təşkil etdi. Amma ortaya heç bir nəticə çıxarda bilmədi. Bunları nəzərə alan ekspertlər hesab edir ki, Lavrovun bu bəyanatı heç də reallığı əks etdirmir. Bununla yanaşı ekspertlər hesab edir ki, Lavrovun dediyindən fərqli olaraq bu il Rusiya-Azərbaycan münasibətləri daha da gərgin olacaq. Qeyd edək ki, Azərbaycanın təzyiqləri ilə Rusiya Qəbələ RLS-dən imtina etməli oldu. Bundan başqa hazırda Rusiya bütün gücünü səfərbər edib ki, Azərbaycan Avrasiya İttifaqına qoşulsun. Amma prezident İlham Əliyev açıq şəkildə bundan imtina etdi və bununla münasibətlər daha da gərginləşdi. Həmçinin Azərbaycan tərəfi açıq şəkildə bildirdi ki, Ümumi Gomürük İttifaqına da qoşulmayacaq. Bu isə Rusiyanın regionda sıxışdırılması və Azərbaycanın tam olaraq Avropaya üz tutması deməkdir. Belə olan halda Rusiyanın Dağlıq Qarabağ problemini həll edəcəyini deməsi gülüncdür və mümkünsüzdür. Əksinə hesab etmək olar ki, bu il Rusiya daha açıq şəkildə Ermənistana dəstək verəcək və Dağlıq Qarabağ probleminin daha da gərginləşməsinə cəhd edəcək. Elə buna görə də bir ay öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyi bəyanat verərək bildirdilər ki, müharibə olarsa Ermənistanın tərəfində olacaqlar. Bu isə artıq açıq şəkildə Azərbaycanın şantaj edilməsi idi. Bunu da unutmayaq ki, artıq bir neçə aydır ki, Rusiya qoşun hissələrini Azərbaycanla sərhəd bölgəsinə yerləşdirib.
Mehdi Əli