Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, əməliyyat zamanı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 234.4.3 (külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), həmçinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə istintaqdan yayındğı üçün axtarışda olan Bərdə rayon sakini Nicat Əliyev tutulub.
17-ci Polis Şöbəsində üzərinə baxış keçirilən zamanı Nicat Əliyevdən ümumi çəkisi 47,102 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain, 247,540 qram psixotrop maddə olan metamfetamin, 386 ədəd çəkisi 66 qram olan ekstazi həbləri və 17 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Nicat Əliyev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Aşkar edilən narkotik vasitələrin bükümlərə ayrılaraq qablaşdırılması bir daha saxlanılan şəxsin onların satışı ilə məşğul olduğunu deməyə əsas verir.
Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Nicat Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əldə edilən narkotik vasitələrin mənbəyinin və ölkəmizə gətirilmə yollarının aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.