Dekabrın 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin 8 gündür oteldə karantində saxlanılan 80-ə yaxın işçisi Qərbi Abşeron yatağında növbə dəyişməsi üçün Dübəndi terminalına gətiriliblər. Dənizin dalğalı olması səbəbindən növbə dəyişilməyib, gəmi geri qayıdıb.
Unikal.org-un məlumatına görə, gəmi yola düşəndə hava şəraiti pisləşdiyinə görə platformaya yan ala bilməyib və buna görə geri qayıtmağa məcbur olub. İşçilər Dübəndi terminalında gözləmə zalına yerləşdirilib.
Qeyd edək ki, gəminin operatoru “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dir və gəminin platformaya yan almasının mümkünlüyü ilə bağlı “Azneft” İB deyil, QSC qərar verib.
"Azneft" İB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, işçilər xüsusi isitmə, istirahət, televizor və s. avadanlıqla təchiz olunmuş gözləmə zalında bir neçə saat gözlədikdən sonra yola düşüblər: “Gözləmə müddətində işçilərin təkrar otellərə qayıtması karantin səbəbindən məqsədəuyğun olmayıb, bir çox işçilər özləri də terminalda gözləmək istədiklərini bildirdilər".
Neftçilərdən əldə etdiyimiz məlumata görə, xüsusi təchiz olunmuş gözləmə otaqları BP şirkətindən alınıb və adətən məhz bu məqsəd üçün istifadə olunur.
SOCAR-dan isə bildirilib ki: "Sizdən əvvəl bu məsələ ilə bağlı heç bir media qurumu şirkətin Mətbuat xidmətinə müraciət etməyib".