Hacıbala Abutalıbovun "JEK dirənişi"
11:39 10-01-2013
CƏMİYYƏT
Hacıbala Abutalıbovun "JEK dirənişi"
Bakı meri mənzil-kommunal
təsərrüfatını əldən vermək istəmir
2009-cu ildə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və onun yerlərdəki qurumlarının taleyi sual altında qalıb. Yeni idarəetmə metodlarının nədən ibarət olacağı məlum deyil. "JEK"lərin qalıb-qalmayacağı, yaxud hansı funksiyaları həyata keçirəcəyi kimi suallar hələlik cavabsızdır. Bu barədə qəzetimizə adının çəkilməsini istəməyən iqtisadçı ekspert bildirib.
Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın mənzil-kommunal təsərrüfatı üzərində nəzarəti əldən vermək istəmir: "Fikrimcə, xalq arasında "JEK" kimi bilinən mənzil-istismar sahələrinin taleyi ilə bağlı müəmmalar da məhz Abutalıbovun dirənişi ilə bağlıdır. O, paytaxtın mənzil-kommunal təsərrüfatının idarəçiliyinin meriyadan alınmasına qarşı müqavimət göstərir. "JEK"lərin səlahiyyətlərinin icra hakimiyyətindən alınaraq uyğun nazirliklərdən birinə verilməsi realdır, amma bir şərtlə ki, Bakı meri də bu təşəbbüsə qarşı dirəşməkdən vaz keçsin".
Xatırladaq ki, 2009-cu ilin oktyabrın 1-də qüvvəyə minən Mənzil Məcəlləsi faktiki olaraq, MİS-ləri mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırıb. Belə ki, yeni Məcəllədə dövlət mənzil fondunun müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondunun isə məhz bələdiyyələr tərəfindən idarə olunması öz əksini tapıb. Məcəllənin 141-ci maddəsinə əsasən, çoxmənzilli binaların idarə edilməsi üçün 3 təşkilati forma təklif olunur: sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) və ixtisaslaşmış istehlak kooperativi (bələdiyyə). Mənzil təsərrüfatında bazar prinsiplərinin tətbiqini və bu sahədə aparılacaq islahatların əsas istiqamətlərini müəyyən edən Məcəllədə çoxmənzilli binaların idarə edilməsi, binanın ümumi əmlakının saxlanması, həmin əmlakın istifadə edilməsi prinsipləri əksini tapıb.
Beləliklə, yeni qanunvericilikdə MİS-lərin binaların idarəçilik prosesində iştirakçılığına dair heç bir müddəa yoxdur və bu mülkiyyət formalarının siyahısında MİS-lərə yer verilməyib. Buna baxmayaraq, həmin qurumlar hələ də mənzil fondunun idarə olunmasına nəzarət edir. Yəni qanun dəyişsə də, mənzillərin idarəetmə prinsipləri köhnə qaydalar praktiki olaraq dəyişməyib. Bu isə o deməkdir ki, yeni Məcəllənin tələbləri işləmir və bu sənəd kağız üzərində qalıb.
Bəs, 3 il əvvəl qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin bu tələbinin yerinə yetirilməsinə nə mane olur? Bakıda və digər iri şəhərlərdə çoxmənzilli binaların faktiki olaraq sovet qanunları ilə idarə edilməsi mənzil-kommunal təsərrüfatındakı çoxsaylı problemlərin kökü hesab olunduğu halda, niyə bu idarəçilik üsullarından birdəfəlik imtina olunmur?
Bu sualların cavabı isə çox açıqdır: Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəzarətindəki Mənzil-Kommunal Təsərrüfatı Departamentini və onun yerli qurumlarını güzəştə getmək istəmir, bunun üçün əlindəki bütün imkanları səfərbər edərək dirəşir: "Paytaxt meri geri çəkilərsə, bununla həm səlahiyyət itkisinə uğrayacağını, həm də büdcədən ayrılan önəmli bir məbləğdən məhrum olacağını bilir. Ona görə də onun "JEK"ləri rahatlıqla güzəştə gedəcəyini düşünmək sadəlöhvlükdür. Amma Abutalıbovun haracan müqavimət göstərdiyini demək də çətindir. Mənzil Məcəlləsi qəbul olunubsa, o əvvəl-axır icra edilməlidir. Hacıbala Abutalıbov özünü axıradək qanunvericiliyin fövqündə görə bilməz və böyük ehtimalla bunu ona xatırladan tapılacaqdır".
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23