ABŞ-da naməlum şəxslər Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinin divarlarına qraffiti çəkiblər və şüarlar yazıblar.
Unikal.org xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Söhbət xanım siyasətçinin Konqresdə təmsil etdiyi Kaliforniyanın San-Fransisko şəhərindəki evindən gedir.
Qaraj qapısındakı yazılar arasında - “2K $” (2000 ABŞ dolları - Demokratların hər amerikalıya pandemiya fonunda yardım olaraq təklif etdiyi birdəfəlik ödəmə - Red) “2 min dollar”, “Kirayəni ləğv et!”, “Hamısını istəyirik!”, “Universal minimum gəlir” yazıları da var.
Evin kənarlarında anarxistlərin simvolu - bir dairədə "A" hərfi yazılıb.
Yerli “KRON4” telekanalının verdiyi məlumata görə, evin qarşısına həmçinin kəsilmiş donuz başı atılıb və həyətə süni qan tökülüb. Hazırda ev yazılardan təmizlənir.