İri məmurlar övladlarını ölkədən çıxarır
21:34 11-01-2013
İQTİSADİYYAT
İri məmurlar övladlarını ölkədən çıxarır
Vəzifəli şəxslər uşaqlarını niyə səfirliklərdə işə düzəltməyə həvəslidirlər?
Demək artıqdır ki, Azərbaycanda ciddi vəzifə sahibi olan məmurların əksəriyyətinin ya övladları, ya da digər yaxın qohumları vəzifə sahibidir. Bu artıq bir ənənəyə çevrilib və elə bir həlledici məmur tapmaq çətindir ki, onun uşaqları ya güclü biznes imkanlarına, ya da hansısa vəzifəyə sahib olmasınlar.
Son vaxtlar isə məmur övladları ilə bağlı maraqlı bir tendensiya müşahidə edilir. Onlar uşaqlarını daha çox ölkədən kənarda - Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarında görəvə gətirirlər.
Bu barədə "Unikal"a məlumatlı mənbələrdən daxil olan informasiyalarda konkret faktlar da sadalanır. Həmin faktlar həqiqətən də Azərbaycan məmurları arasında belə bir tendensiyanın varlığını təsdiqləyir.
Gəlin əvvəlcə sözügedən faktlardan bəziləri ilə tanış olaq. İddialara görə, məsələn, baş nazirin müavinləri Yaqub Eyyubovun 30 yaşlı oğlu Emin Eyyubov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsidir. Bundan əvvəl isə o Belçikada və Lüksemburqdakı səfirimiz imiş.
Baş nazirin başqa bir müavini Elçin Əfəndiyevin övladları da ölkədən xaricdə işə düzəliblər. Belə ki, cəna Əfəndiyevin qızı İstanbul konsulluğunda, qardaşı qızı Macarıstan, qaynı isə ABŞ-dakı diplomatik korpuslarımızda vəzifə tuturlar.
Daha bir maraqlı fakt isə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovla bağlıdır. Əldə etdiyimiz məlumata görə, Baş Qərargah rəisinin iki oğlu Azərbaycanın müxtəlif dövlətlərdəki səfirliklərində çalışırlar.
Ümumiyyətlə isə Azərbaycanın əksər səfirlik və konsulluqlarında məmur uşaqlarının çalışdığına dair faktlarla rastlaşmaq mümkündür. Yuxarıda sadaladığımız nümunələrdən də bunu görmək çətin deyil.
Bəs belə bir tendensiyaya səbəb nədir? Ekspertlərin fikrincə, burada müxtəlif səbəblər ola bilər.
Belə ekspertlərdən birinin "Unikal" əməkdaşı ilə söhbətində bildirdiyinə görə, haqqında danışılan çoxsaylı səbəblərdən biri məmurların övladlarını Azərbaycan atmosferindən uzaq tutmaq cəhdidir: "Elə məmurlar var ki, övladlarının onların maddi imkanları hesabına əyləncəyə və zərərli vərdişlərə meyllənəcəyindən narahatdırlar. Azərbaycanda övladlarının "dəcəlliyi" üzündən başı ağrıyan məmurlar az deyil. Ona görə də kimlərsə "gözü çıxmış qardaşlarından" dərs alaraq övladlarını Azərbaycandan kənara göndərə, orada iş-güc sahibi edərək gözdən və könüldən uzaq tutmağa çalışa bilərlər".
Həmsöhətimizin fikrincə, başqa bir versiya hansısa məmurun "vurulacağı" təqdirdə başlanan təzyiqlərdən sığortalanma ehtimalıdır: "Bizdə bir ənənə var ki, bir iri məmur görəvdən alınanda, onun vəzifədəki yaxınları da təzyiq altına alınır, ya o da postundan uzaqlaşdırılır, ya da vəzifəsi endirilir. Belədə övladlarının karyerasını ən azı öz karyerası qədər önəmli sayan məmur ataların uşaqlarını səfirliklərə, konsulluqlara "transfer" etdirməsini normal qarşılamaq lazımdır".
Müsahibimiz olan ekspertin sözlərinə görə, bəzi məmurların övladlarını Azərbaycanın özündənsə, ölkə kənarındakı səfirlik və konsulluqlara yerləşdirməsinin siyasi motivlər daşıması da istisna edilməməlidir: "Görünür, kimlərsə ölkədə siyasi situasiya dəyişəndən sonra övladlarının karyera və təhlükəsizliyinə təminat almaq üçün onları Azərbaycandan qıraqda tutmağa üstünlük verirlər. Yəni sadalanan ehtimalların hər birində həqiqət payı var, amma konkret hansı versiyaya üstünlük verilməsi hər bir insanın öz işidir".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00