Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransı öz işinə başlayıb. Sayca 13-cü olan bu mötəbər tədbir Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun mühüm tərkib hissələrindən biridir. Kənd təsərrüfatı nazirlərinin görüş platforması sayılan konfransda bu il Azərbaycan da daxil olmaqla 72 ölkədən nümayəndə qatılıb.
Nazirlikdən Unikal.org-a verilən xəbərə görə, konfrans Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumu “Pandemiya və iqlim dəyişikliyi dövründə dünyanın qidaya olan tələbatını necə ödəmək olar?” şüarı altında keçirilib. 13-cü Berlin Kənd Təsərrüfatı Nazirləri Konfransının “Gələcək pandemiyaların qarşısının alınması” virtual sessiyasında çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində COVİD-19 pandemiyasına qarşı qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə verir. İnam Kərimov əlavə edib ki, Azərbaycan höküməti pandemiyanın aqrar sahəyə və fermerlərin rifahına təsirini minimuma endirmək üçün operativ və lazımi tədbirlər görüb. Nəticədə 2020-ci ildə kənd təsərrüfatında 2 faiz artım qeydə alınıb.
Konfransda pandemiya riskləri ilə mübarizə tədbirləri əsas müzakirə mövzusu olub. Qeyd olunub ki, pandemiyanın mənfi təsirlərinin və zoonoz xəstəliklərin qarşısının alınmasında erkən aşkarlama, düzgün qiymətləndirmə və təsirli mübarizə tədbirlərinin birləşdirilməsi mühüm amillərdən sayılır. Vurğulanıb ki, keyfiyyətli baytarlıq xidmətləri vasitəsilə heyvan sağlamlığının qorunması, müasir laboratoriyaların yaradılması, biotəhlükəsizlik qaydalarına riayət etməklə sağlam qida istehsalı zoonoz xəstəliklərin idarə edilməsi və gələcəkdə pandemiya risklərinin azaldılması üçün ən faydalı tədbirlərdəndir.
Tədbir iştirakçıları qlobal pandemiya dövründə rəqəmsal transformasiyanın əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Milli kənd təsərrüfatı sisteminin rəqəmsallaşdırılması nəticəsində fermerlərə virtual xidmətlərin göstərilməsinin pandemiyanın yayılmasının qarşısını almaqda xüsusi rol oynadığı qeyd olunub. Konfrans iştirakçıları insan, heyvan və ətraf mühitin sağlamlığı naminə tədbirləri özündə birləşdirən “Bir Sağlamlıq Təşəbbüsü”nün tətbiqini yüksək qiymətləndirdiklərini bəyan ediblər. Məruzəçilər pandemiyaların qarşısının alınmasında regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu xüsusi vurğulayıblar.
Konfransın yekun bəyannaməsində 3 mühüm qlobal problemin kollektiv şəkildə həllinə kömək göstərmək barədə çağırışlar yer alıb. Bu çağırışlarda COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri, gələcək pandemiyaların qarşısının alınması və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində birgə fəaliyyətin vacibliyi öz əksini tapıb.