Beynəlxalq təşkilatların maskası yırtılır
11:42 23-01-2013
CƏMİYYƏT
Beynəlxalq təşkilatların maskası yırtılır
"Amnesty International": Fətullayevin layihəsi Avropadan gələn tənqidi
zəiflətmək üçün Azərbaycan höküməti tərəfindən istifadə edilir"
Yanvarın 21-də Brüsseldə "İnsan hüquqları uğrunda" İctimai Birliyin beynəlxalq analitik qrupunun hazırladığı "Avropanın qürubu" hesabatının təqdimatı keçirilib. Təqdimatda media nümayəndələri, Avropa Parlamentinin deputatları, siyasətçilər, diplomatlar, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Hesabatın təqdimetmə mərasimi ilə bağlı məlumatda bildirilir ki, layihə Almaniyanın, Norveçin Xarici İçlər nazirlikləri, Soros Fondu, Qara Dəniz Regional Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilib. Layihə hazırlanarkən beynəlxalq analitik qrupu "Human Rights Watch", "Sərhədsiz Reportyorlar", Almaniyanın Xarici İşlər Nazirliyi, Almaniyanın Miqrasiya, qaçqın və inteqrasiya siyasəti məsələləri üzrə Komissarı, Rusiya və Ukrayna , Türkiyə diaspor nümayəndələri, ictimai-siyasi xadimlər, jurnalistlərlə əməkdaşlıq edilib.
Layihənin təqdimatı ilə bağlı "İnsan hüquqları uğrunda" İctimai Birliyin rəhbəri Eynulla Fətullayev, "Franfurt occupy" hərəkatının lideri Tomas Pilts, Almaniyanın türk icmasının rəhbəri, məşhur ictimai-siyasi xadim Kenan Kolat, Beynəlxalq Media İnstitutunun Avrasiya proqramının direktoru Stiven Ellis və başqaları çıxış ediblər.
"Təqdimatda göstərilən faktlar prezentasiyada iştirak edən avropalılar üçün gözlənilməz olub. Belə ki, beynəlxalq analitik qrupun hazırladığı hesabatda və yayımladıqları sənədli filmdə Almaniyada milli azlıqların, xüsusilə türklərin bütün səviyyələrdə diskriminasiyaya məruz qaldıqları, onların hüquqlarının kobud şəkildə pozulduğunu və bunun arxasında alman xüsusi xidmətlərinin dayandığını, Frankfurtun timsalında öz hüquqlarını qorumaq üçün mitinqə çıxan insanların vəhşicəsinə döyüldüyünü və məhkəmə qərarı olmadan qeyri-müəyyən müddətə təcridxanalara salındığını, "dərin dövlət"in dəstəyi ilə neonasist ideologiyanın yenidən çiçəklənməyə başladığını və bunun əsasən müsəlman türklərə qarşı yönəldiyi, multikulturalizmin tamamilə iflasa uğradığının Almaniyanın kansleri Merkel tərəfindən etiraf edildiyi öz əksini tapıb.
Alman hökumətində korrupsiya hallarının açıqlanması isə avroparlamentarilərin kəskin reaksiyasına səbəb olub. Belə ki, xarici işlər naziri Vestervellenin Berlin aeroportunun tikintisinə ayrılmış milyonlarla vəsaitin oğlan məşuqunun şəxsi biznesinə yönəltməsi şok effekti doğurub. Təsadüfi deyil ki, aeroportun tikintisi 2015-ci ilə qədər təxirə salınıb və hətta hökumətin istefasına gətirib çıxara bilər. Hökumətin böhranı artıq seçkilərin ilkin mərhələsində Merkel partiyasının uduzmasına gətirib çıxaracağını söyləməyə əsas verir və Saksoniyada keçirilmiş seçkilərin nəticələri bir daha bu fikri təsdiq edir.
Tədbirdə iştirak edən Avropa parlamentinin nümayəndələri və siyasətçiləri Merkel hökumətinin yürütdüyü siyasətdən hiddətlənib və bütün Avropaya demokratiya dərsi keçən bunun Almaniya hökumətinin Avropa dəyərləri ilə bir araya sığmayan siyasət yürütmələrini kəskin pisləyiblər".
Tədbirin bizim oxucu üçün maraqlı olacaq hadisəsi isə "Amnesty International" insan haqları təşkilatı azərbaycanlı jurnalist Eynulla Fətullayevlə əməkdaşlığa son qoyması olub. Belə ki"Amnesty International" Eynulla Fətullayevlə əməkdaşlığa son qoyması barədə bəyanat dərc edib. Təşkilat hesab edir ki, Fətullayevin Almaniya haqqında layihəsi Azərbaycanın insan haqları pozuntuları barədə Avropadan gələn tənqidi zəiflətmək üçün Azərbaycan höküməti tərəfindən istifadə edilir. Bəyanatda qeyd olunub ki, Eynulla Fətullayev Amnesty işçilərini və onun layihəsinə cəlb olunan digər şəxsləri qəsdən aldatmağa cəhd göstərib.
Təşkilatın bəyanatı ilə bağlı Eynulla Fətullayev cavab verib:
"Bu bəyanat Amnesty-nin özü üçün çox təhlükəli bir presedentə çevrildi. Artıq tənqidə icazə verilməyən dövlətlərin dairəsi cızılır və bu beynəlxalq hüquq-müdafiə hərəkatı üçün ciddi bir siqnaldır. Belə çıxır ki, Qərb dövlətlərini tənqid etmək olmaz və onlar toxunulmazdır.
Lakin bugünkü prezentasiyada mən deyil, Almaniya polisi tərəfindən böyük təzyiqlərə, həbslərə və təhdidlərə məhkum edilən Frankfurt Occupy hərəkatının təmsilçiləri və liderləri, Almaniya xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilən türklərin liderləri, Beynəlxalq Media İnstitutunun təmsilçiləri, ATƏT-in nümayəndələri danışırdı.
Həbsdə olarkən Amnesty İnternational təşkilatı mənə misilsiz kömək edib. Bu təşkilata mən borcluyam. Və yalnız bunu nəzərə alaraq onlarla Almaniya ilə bağlı hesabat ətrafında olan yazışmaları açıqlamayacam. Amma bu bəyanatı sifarişli və tənqiddən kənar dövlətlərin immunitetini qorumaq məqsədilə yayılan bəyanat kimi qiymətləndirirəm. Mənə bu tədbirlə bağlı çox nüfuzlu avropalılar müraciət etmişdi, lakin mən düz bildiyim işdən geri dönmürəm.
Maliyyə məsələlərinə qalanda, bunlar bizim saytda şəffaf göstərilib. Bütün Fondlardan aldığım qrant layihələrinin siyahısı göz önündədir.
Digər tərəfdən, mən Amnesty-dən maliyyə qaynaqlarını açmağa tələb edə bilərəm. Bir dəfə soruşmuşam - dedilər ianələrdi. Fəqət bu ianələri verən kimlərdi?
Almaniyada olarkən təşkilatın Berlin ofisinin nümayəndəsi könüllü olaraq bizə müsahibə verib və alman polisinin özbaşınalıqlarından bəhs edib. Kim Amnesty-nin nümayəndəsi Aleksandr Boşu Almaniyanı tənqid edən müsahibəni verməyə və bu səpgili bəyanatla çıxış etməyə təhrik etmişdi?
Hesab edirəm ki, bu bəyanat səhv bir addım oldu və təşkilatın bir çox dövlətlərdə monitorinqinə zərbə vuracaq. Sual olunacaq - Siz niyə Almaniyada monitorinqin aparılmasının əleyhinəsiz? Onda bizi niyə yoxlayırsız?"
Qeyd edək ki, Eynulla Fətullayev 2009-cu ildə Amnesty tərəfindən "təhlükədə olan jurnalistə" mükafatı ilə təltif olunub.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "Unikal"a bildirdiyinə görə, "Hazırda fəaliyyətdə olan beynəlxalq təşkilatlar səbəbsiz və boş yerdən yaranmayıblar. Fikrimcə, bu qurumlar dünya idarəçiliyinin tərkib hissəsi kimi formalaşıb. Ona görə də həmin təşkilatlar elan etdikləri dəyərləri müdafiə etməklə yanaşı həm də ərazisində yerləşdikləri dövlətin və yaxud onlara sponsorluq edənlərin maraqlarını və mənafelərini də nəzərə almağa borcludurlar. Bu baxımdan yanaşanda sözügedən qurumların hesabatlarında mətnaltı siyasi motivlərin nəzərə çarpması təbiidir".
Partiya sədrinin sözlərinə görə, "Amnesty International" təşkilatı da bu baxımdan istisna təşkil etmir. Sadəcə, çalışmaq lazımdır ki, müəyyən beynəlxalq dairələrin əlində instrument olan bu qurumlar Azərbaycanla bağlı hesabatlar hazırlayarkən faktsızlıq durmunda qalsınlar. Yəni səy göstərilməlidir ki, ölkədə insan hüquqları pozulmasın, korrupsiya faktları minimuma ensin, cəmiyyət imkan daxilində daha da demokratikləşsin. Belə olan halda Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsində marağı olan dövlətlər də əliboş vəziyyətdə qalar".
Şakir
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00