Müsavat başqanı tələsdimi?
16:29 25-01-2013
CƏMİYYƏT
Müsavat başqanı tələsdimi?
Qabil Hüseynli: “İctimai Palata ciddi böhran dövrünü yaşayır”
Keçmiş dövlət müşaviri, Müsavat Partiyası başqanının sabiq müavini, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin sözlərinə görə, “Müsavat Partiyası ölkənin ən qədim partiyası olsa da, əvvəlki illərdəki gücünü qoruyub saxlaya bilməyib. Xüsusilə bu partiyanın AXCP ilə birlikdə yaratdığı İctimai Palata öz böhran dövrünü yaşayır.
Çünki İctimai Palataya daxil olan partiyalar arasında açıq da olmasa, gizli şəkildə rəqabət gedir. Bu xüsusilə sosial şəbəkələrdə hər iki partiyanın üzvləri arasında gedən dartışmalarda özünü daha aydın büruzə verir. Bu nöqteyi-nəzərdən mən bir siyasi ekspert kimi Müsavat başqanının öz namizədliyini hamıdan əvvəl elan etməsini o qədər də uğurlu gediş hesab etmirəm”.
Onun sözlərinə görə, “Müsavat Partiyası Məclisi yanvarın 4-də İsa Qəmbəri prezidentliyə namizəd irəli sürməklə vahid namizəd axtarışı yolunda ciddi əngəllər yaratdı. Güman edirəm ki, vahid namizəd, yaxud əsas namizəd məsələsini müəyyən etmək o qədər də asan olmayacaq. Bəlkə də, mümkünsüz olacaq. Çünki İctimai Palatanın və ümumiyyətlə, siyasi müxalifətin ən güclü partiyası olan Müsavat Partiyası artıq öz namizədini elan edib. Bundan sonra təbii ki, digər partiyalar da bu yarışa qoşula, öz namizədlərini elan edə bilərlər. Düzdür, Azərbaycan Ziyalılar Forumunun “EL” Hərəkatı adı altında formalaşdırmaq istədiyi təşkilat əsas namizəd məsələsində israr edəcəyini bildirir. Amma mənim zənnimcə, onların demokratik qüvvələri Milli Şura tipli bir qurumda cəmləşdirmək ideyasını reallaşdırması o qədər də asan iş deyil. Yəni, real şəraiti dərindən öyrəndikdə görürsən ki, “EL” Hərəkatının ətrafına “üçüncü qüvvə”ni toplamaq, elektoral baza yığmaq elə də asan deyil. Bu nöqteyi-nəzərdən onların vəd etdiyi Milli Şuranın formalaşdırılması və bu şuraya daha çox siyasi qüvvənin, xüsusən gənclərin cəlb edilməsi barədə fikirlər o qədər də inandırıcı görünmür. Bütün bunları ümumiləşdirəndə vahid namizəd məsələsi yolunda ciddi problemlərin olduğunu qeyd etmək lazım gəlir”.
Müxalifətin birliyinə çağırışlara münasibət bildirən politoloqun fikrincə, “Əslində, müxalifətdəki bütün qüvvələrin hamısının bir araya gəlməsi fikri absurddur. Çünki partiyalar arasında ciddi ideoloji fərqlər var, onlar müəyyən etdikləri hədəflər uğrunda fərdi qaydada mübarizə aparırlar. Lakin ideoloji hədəflər baxımından onlar fərqli mövqelərdə dura bilərlər, amma siyasi baxımdan məqsədləri üst-üstə düşə bilər. Siyasi müxalifətin birlik havası bir sıra dəyərlərin oturuşmaması ilə də ziddiyyət təşkil edir. Müxalifət düşərgəsindəki birləşmələr isə bəzən cəmiyyətin obyektiv tələbatından yox, ayrı-ayrı siyasətçilərin subyektiv mülahizələrindən və ya onların şəxsi istəklərindən doğur. Halbuki, birləşmə, siyasi inteqrasiya prosesləri həmişə cəmiyyətdə müsbət tendensiyaların yaranmasını şərtləndirən amil olub. Ancaq bizim cəmiyyətdə bu prosesləri apara bilmək imkanlarına sahib olan liderlərin azlığı və ya yoxluğu həmişə belə təşəbbüsləri yarı yolda qoyub. İnsanlar siyasi inteqrasiya proseslərinə böyük ümidlərlə yanaşsalar da, sonradan ciddi pəjmürdəliyə düçar olublar və nəticə etibarilə siyasi müxalifət bu gün, demək olar ki, elektoratsız qalıb. Yəni, vəd verib, cəmiyyətdə müəyyən bir ümid yaratmağa çalışıblar, lakin sonradan siyasi ambisiyaların toqquşması, bir-birinə güzəştə getmək mədəniyyətinin yoxluğu üzündən bu prosesi başa çatdıra bilməyiblər və beləliklə də, xalqın gözündən düşüblər. Hamı deyir ki, gəlin mənim ətrafımda birləşin və yaxud da hamı deyir ki, mənim seçdiyim siyasi xətt ən düzgün xətdir, seçdiyim yol qələbəyə aparan yoldur. Belə kompromissiz mövqelərin ortaya qoyulması sonda nəticəyə gəlməyə imkan vermir”.
Qabil Hüseynli Azərbaycan Ziyalılar Forumunun yaradılmasına dəstək verdiyi “EL” Hərəkatının prezident seçkilərində hansısa uğur qazana biləcəyinə bədgümanlıqla yanaşır: “Ziyalılar Forumunda bir neçə tanınmış ziyalı var. Bu ziyalılar siyasi proseslərə o qədər də qatılmayacaqlarını vəd etmiş və həqiqətən də, qatılmayan insanlardır. Forumda təmsil olunan insanlar arasında elələri var ki, onlar cəmiyyətdə çox tanınır, bəziləri isə hətta dünya miqyasında məşhurdur. Zənnimcə, bunu etiraf etmək lazımdır. Amma məsələ burasındadır ki, siyasi proseslər zamanı onlar tərəfindən o qədər də ölçülü-biçili addımların atılmasının şahidi olmursan. Məsələn, onlar üçüncü qüvvəni təmsil etmək iddiası ilə çıxış edirlər. Ancaq cəmiyyətdəki siyasi qüvvələr nisbətini, xüsusilə hələ siyasiləşməmiş, yaxud da siyasi partiyalara qoşulmamış insanların sayının nə qədər ola biləcəyini və onların doğrudan da, siyasətlə maraqlanıb-maraqlanmadıqlarını düzgün proqnozlaşdıra bilmirlər. Məncə siyasi, müxalif mövqeyi olan cəmiyyət üzvləri indiyədək çoxdan siyasi partiyalarda, müxtəlif birliklərdə, yaxud qeyri-hökumət təşkilatlarında yerləşib fəaliyyət göstərirlər. Yeni qüvvələri “üçüncü qüvvə” kimi bir yerə toplamaq sadəcə olaraq mümkünsüz görünür. Ona görə də onların cəmiyyətdə dəyişikliklərlə bağlı söylədikləri bəzən utopist xarakter daşıyır”.
Səxavət
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00