İsmayıllı rayonda baş verənlərə rəsmi münasibət bildirildi
16:31 25-01-2013
CƏMİYYƏT
İsmayıllı rayonda baş verənlərə rəsmi münasibət bildirildi
Əli Həsənov: “İsmayıllıda baş vermiş olayın günahkarları və bundan dövlətçiliyə qarşı istifadə etmək istəyənlər cəzalarını alacaqlar”
“Mən vətəndaşları bu gün də gözlədim ki, gəlsinlər, danışıqlar aparaq, amma gəlmədilər. Ümumiyyətlə, hadisənin başlanığıcı ilə, hazırkı durum arasında fərq var.
Artıq müəyyən qüvvələr vətəndaşlar arasında təbliğat apararaq bu məsələni siyasiləşdirirlər”. Bunu İsmayılı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov deyib.
N. Ələkbərov bildirib ki, bu hadisələrin İcra Hakimiyyətinin başçısı kimi onunla heç bir bağlılığı yoxdur: “Daim rayon əhalisi ilə görüşürəm, onlar məni şəxsən tanıyırlar. İndi də İcra Hakimiyyətinin binasından piyada bazara tərəfə getdim, heç kim mənə yaxınlaşıb nəsə demədi. Deyilənə görə, etiraz edənlər istefam barədə şüarlar səsləndiriblər. Mən 50-60 nəfərin yox, 82 min əhalisi olan bir rayonun rəhbəriyəm”.
İcra başçısı hadisənin iştirakçısı olan və sonradan saxlanılan Emil Şəmsəddinovun onun qohumu olması barədə deyilənləri də təkzib edib: “Mənim elə qohumum yoxdur. Deyirlər ki, Emil Şəmsəddinov mənim bacım nəvəsidir. Bacım məndən yaşca balacadır, onun necə bu yaşda nəvəsi ola bilər?”
N. Ələkbərov hadisə zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun rayonda olması barədə deyilənlərin də həqiqətə uyğun olmadığını bildirib.
“İsmayıllıda baş verənlərin ötən il Quba rayonunda baş verən hadisələrə oxşarlığı varmı” sualına İH başçısı belə cavab verib: “Quba hadisələri İcra Hakimiyyəti başçısının vətəndaşlara qarşı münasibəti ilə bağlı idisə, İsmayıllıda baş verənlərin mənimlə heç bir əlaqəsi yoxdur. Bu mənim tanımadığım iki nəfər arasında avtomobil qəzasından sonra baş verən münaqişədir. Bu hadisələrin mənimlə heç bir əlaqəsi yoxdur. Mən öz işimi davam etdirirəm”.
N. Ələkbərov hadisə baş verən “Çıraq” otelinin də onunla heç bir bağlılığının olmadığını açıqlayıb: “Mənim evimə də hücum olub, yandırmağa cəhd ediblər. Bu da müəyyən qüvvələrin məsələni siyasiləşdirmək cəhdləri idi”. “İsmayıllıda baş vermiş olayın günahkarları və bundan dövlətçiliyə qarşı istifadə etmək istəyənlər cəzalarını alacaqlar” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsmayıllı rayonunda baş vermiş hadisəyə münasibət bildirərək deyib.
Şöbə müdiri qeyd edib ki, yanvarın 23-də İsmayıllı rayonunda baş vermiş olayla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi müvafiq açıqlama yayıb, məsələnin təfərrüatı və həyata keçirilən tədbirlər haqqında ictimaiyyətə lazımi məlumat veriblər: “Hadisənin günahkarları artıq saxlanılıb, lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz ki, təqsirkarlar öz layiqli cəzalarını alacaqlar.
Bununla yanaşı, bildirmək istərdim ki, bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltmək, insanlardan öz məqsədləri üçün istifadə etmək, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarına qarşı qeyri-qanuni hallar yaratmaq, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, dövlət orqanlarının fəaliyyətini iflic etmək, həmçinin, dövlət orqanlarına, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə ziyan vurmağa cəhdlər göstərirlər.
Biz rayon əhalisini belə təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırırıq. Bu olayın səbəbkarları və ondan öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar ciddi cəza alacaqlar. Heç kim hesab etməsin ki, belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanunu funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə biləcək.
Düşünürəm ki, həmişə dövlətçiliyə sədaqəti ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi bəzi təxribatçı qüvvələrin onlardan vasitə kimi istifadə edərək öz subyektiv ambisiyalarını həyata keçirmələrinə imkan verməyəcək”.
Bunu da qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda çoxsaylı insanın iştirakı ilə keçirilən aksiya, onun baş vermə səbəbləri, xəsarət alan və saxlanılan şəxslər barədə İsmayıllı rayon Polis Şöbəsi rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunur: “İsmayıllı şəhərində fəaliyyət göstərən “Çıraq” otelinin müdiri, Bakı şəhər sakini Şəmsəddinov Emil Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” markalı idman tipli minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib. Emil Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb. Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü Emil Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Lazım oğlu ilə birgə maşından düşərək yolun kənarında dayanmış 31-BD-817 dövlət nömrə nişanlı “VAZ 21074” markalı minik avtomobilinə ayaqla bir neçə zərbə vuraraq onu əziblər.
Açıqlamada bildirilib ki, onlar arasında baş verən bu insident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verdiyi üçün əraziyə xeyli sayda adam toplaşıb. Emil Şəmsəddinov orada toplaşan bir qrup İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib. Sonradan Emil Şəmsəddinov ümumilikdə İsmayıllı əhalisinin ünvanına kobud və təhqiramiz ifadələr söyləyib. Qısa vaxt ərzində bir qrup rayon sakini əraziyə toplaşaraq sahibkar Emil Şəmsəddinovun müdir işlədiyi “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti daş-qalaq edib. Sonra insanlar hasardan aşaraq otelin həyətinə keçiblər və darvazanı aşırıblar. Darvazanın aşması nəticəsində İsmayıllı rayonunun Günəşli qəsəbə sakini 1983-cü il təvəllüdlü Nəsirov Emin Bəxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Otelin həyətinə daxil olan kütlə oradakı 31-AA-088 dövlət nömrə nişanlı “Chevrolet Niva”, 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” və 10-ZZ-485 dövlət nömrə nişanlı “Hummer” markalı minik avtomobillərini yandırıblar. Sonra onlar otelin sındırılmış pəncərələrindən içəri daxil olaraq ikimərtəbəli oteli yandırıblar. Sonra iğtişaş iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın ediblər. Onlar mənzilin həyətindəki 10-NX-700 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik maşınını, iki ədəd dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar.
Hadisə ilə əlaqədar olaraq “Çıraq” otelinin müdiri Emil Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn Elməddin Məmmədov həbs edilib. Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır. Aksiya iştirakçılarından isə heç kim polis əməkdaşları tərəfindən saxlanılmayıb. Dörd saat davam edən aksiyanın dinc yolla sakitləşdirilməsi üçün tədbirlər görülüb və gecə saat 02:30 radələrində insanlar evlərinə gediblər.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 19:39:18
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00
2024-12-27 17:08:07
2024-12-27 17:01:02
2024-12-27 17:00:01
2024-12-27 16:45:44
2024-12-27 16:42:01
2024-12-27 16:25:00
2024-12-27 16:18:17
2024-12-27 16:14:44
2024-12-27 15:56:04