Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org-un məlumatına görə, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə hakim Hafiz Əliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, E.İbrahimov ötən il Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqram 10 qram heroin aşkarlanaraq götürülüb. Elnur İbrahimov ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.
Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham verilib.
Seymur Əli