Gürcüstan prezidentinin kreslosu laxlayır
16:31 25-01-2013
CƏMİYYƏT
Gürcüstan prezidentinin kreslosu laxlayır
Onun iqamətgahı qarşısında barrikada qurmuş etirazçılar onun üçün "biabırçılıq dəhlizi" yaradıblar
Proqnozlaşdırıldığı kimi, qonşu Gürcüstanda siyasi vəziyyət artıq pik həddinə çatmaqdadır. İvanişvilinin başçılıq etdiyi “Gürcü arzusu” bloku ötən ilin parlament seçkilərində qalib gəldikdən sonra baş nazir seçilmiş İvanişvili artıq prezident Saakaşvilidən qisas almaq aksiyalarına start verib. Amma bu aksiyaları təkcə qisas motivləri ilə məhdudlaşdırmaq da düzgün deyil.
QHT liderləri narahatdır
Belə ki ölkədə fəaliyyət göstərən beş QHT dünən bəyanat verərək bildirb ki, ölkənin xarici siyasət kursunun dəyişilmək təhlükəsi hiss olunur və bu hal ciddi əndişə doğurur.
Onların yaydıqları birgə xüsusi bəyanatda bildirilir ki, “Baş nazirin Ermənistana səfəri zamanı Rusiyaya dəmiryolunun bərpası, heç bir şərt olmadan xarici siyasət kursunun dəyişdirilməsi, həmçinin Ermənistanın xarici siyasət kursunun “”həsəd aparılası” və “nümunəvi” siyasət kimi qiymətləndirilməsi barədə bəyanatları olduqca mühüm sual doğurur: hökumətin Avroatlantik inteqrasiya kursu nə dərəcədə dayanıqlıdır?”
Bəyanatda daha sonra deyilir: “Xarici işlər naziri müavininin istefaya göndərilməsi, müdafiə nazirinin baş nazirin müavini səlahiyyətindən məhrum edilməsi də həyəcanlı siqnallardır”.
QHT sədrləri hesab edirlər ki, hökumət tərəfindən təcili və aydın izahatların verilməsi lazımdır.
Bəyanatı “Gürcüstan İslahatlar Assosiasiyası”, Tiflis Siyasət-Analiz Mərkəzi, Beynəlxalq Geopolitik Tədqiqatlar Mərkəzi, “Avropa Gürcüstanı uğrunda” koalisiyası və Beynəlxalq Mətbuat İnstitutu imzalayıb.
İvanişvili nəyin
qisasını alır?
İndiki baş nazir İvanişvili 2011-ci ilin oktyabrından fəal siyasətə qoşularaq müxalifət partiyası yaradıb parlament seçkilərində iştirak edəcəyini bildirib.
Bu məqsəd elan ediləndən cəmi dörd gün sonra Saakaşvilinin fərmanı ilə İvanişvili və onun xanımı Gürcüstan vətəndaşlığından məhrum ediliblər. İvanişvili bu fərmanı “siyasi qisas” kimi qiymətləndirdi. Bir neçə aydan sonra məhkəmə prezident Saakaşvilinin fərmanını qismən qeyri-qanuni hesab etdi və İvanişvilinin xanımının vətəndaşlığını bərpa etdi.
İvanişvili Gürcüstan vətəndaşı olmadığından nə partiya yarada bilərdi, nə də deputatlığa namizədliyini verə bilərdi. Buna görə də partiyaya onun xanımı başçılıq etməli oldu.
2012-ci il iyunun 11-də Tiflis məhkəməsi İvanişvilini seçicilərin səslərini satın aldığına görə 90 milyon ABŞ dolları həcmində cərimə etdi. Bu məbləğ sonradan 45 milyon dollara endirildi. İvanişvili cəriməni ödəməkdən imtina etdiyi üçün iki şirkətdəki ona məxsus səhmlərin həbs edilməsi və satışa çıxardılması barədə hökm çıxardıldı. İvanişvili iyulun sonunda bildirdi ki, məhkəmənin göstərdiyi bank hesabına 80 milyon lari həcmində cəriməni ödəyib.
Amma Saakaşvili inadından əl çəkmədi. Belə ki 2012-ci il avqustun 11-də Tiflis Şəhər Məhkəməsi Gürcüstan Dövlət Audit Xidmətinin İvanişvili barədə qaldırdığı inzibati-hüquqi pozuntular barədə iddiasını təmin edərək İvanişvilini bir daha 12,3 milyon dollar həcmində cərimə etdi.
Göründüyü kimi, Gürcüstanın prezidenti ilə baş naziri arasında ötən illər ərzində açıq savaş gedib və parlament seçkilərindən sonra hakimiyyətə gələn İvanişvili bu köhnə haqq-hesabları çürütməklə məşğuldur.
İqamətgah qarşısında barrikada
Beləliklə, Tiflisdə prezident Saakaşviliyə qarşı siyasi aksiyalara rəvac verilib və bu aksiyalar səngimək bilmir. Ötən gün ərzində prezident iqamətgahının ətrafında nümayiş keçirən etirazçılar M. Saakaşviliyə girişdə "biabırçılıq dəhlizi" qurmuşdular.
Gürcüstanın dövlət başçısı nümayişçilərin yanından keçərək iqamətgahına ehtiyat girişdən daxil olub.
Etirazçılardan biri deyib ki, Saakaşvili onun üçün "biabırçılıq dəhlizi"nin qurulduğunu bildi: "Elə buna görə də o, ehtiyat girişindən girməli olub. Biz onun Strasburqdan qayıdışını gözləyirdik. O, yanvarın 20-dən artıq prezident deyil. İmzatoplama davam edir. Heç kimin də buradan getmək niyyəti yoxdur".
"RİA Novosti" agentliyi isə yazır ki, Saakaşvilinin istefa verməsi üçün artıq 1 milyondan artıq insanın imzası toplanıb. Prezidentə qarşı aksiya onun iqamətgahı qarşısında sutka ərzində davam edir.
“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin “Unikal”a bildirdiyinə görə, “Gürcüstanda gedən siyasi proseslərin kəskinliyi Azərbaycan insanı üçün qəribə görünə bilər, amma orada hakimiyyətin müəyyən formalarla tam əvəzlənməsi prosesi gedir və bu da normal bir haldır. İvanişvili istəyir ki, bütün sektorlarda, o cümlədən xarici siyasət kursunda hegemonluğu tamamilə öz əlinə keçirtsin”.
Savalan
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44