Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və inkişaf proqramlarına kölgə salan vəzifəli şəxslərin əmək vəzifələrini pozması kimi amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilməkdədir.
Bu barədə Unikal.org-a Peşə Təhsili üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, Tovuz Peşə Liseyinin fəaliyyəti ilə bağlı barədə daxil olan çoxsaylı şikayətlər əsasında 2021-ci ilin fevral ayında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəssisədə əsaslı monitorinq həyata keçirilib.
"Alınmış izahatlardan, o cümlədən iş üzrə digər sübutlara baxılaraq müəssisə rəhbərliyinin istehsalat tədris proqram sənədlərinin tərtibi, tədris işlərinin planlaşdırılması və uçotu, metodik işlərin təşkil edilməsi, liseyin tədris-istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərinin həyata keçirilməsi, tələbələrə təqaüdlərin ödənilməsi, dövlət əmlakının idarə edilməsi və səmərəli istifadə olunması ilə bağlı normativ hüquqi aktların tələblərini pozaraq dövlət büdcəsinə və əmlakına zərər vurduğu, bununla da əmək vəzifələrini kobud şəkildə pozduqları müəyyən edilib. Qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus təqaüd kartları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək qeydiyyata alınıb. Yoxlamanın yekun nəticəsi olaraq, 16 mart tarixindən Tovuz Peşə Liseyinin bir sıra rəhbər şəxsləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib və iş üzrə toplanmış faktlar araşdırılması üçün müvafiq olaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.
Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyinin təqdimatı əsasında digər 3 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri barəsinə prokurorluq orqanlarına cinayət-istintaq işi aparılır", - deyə Agentlikdən bildirilib.