Paytaxtın Səbail rayonunda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı Alan Nevbiqqinq Kameron polisə müraciət edərək bildirib ki, qaldığı evdə qapının açıq olmasından istifadə edən naməlum şəxs onun içərisində 250 manat, bank kartları, sənədlər olan pul kisəsini və 1 ədəd “İphone-12” markalı telefonunu oğurlayıb.
DİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, şikayət ərizəsi daxil olan kimi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxlsərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının qısa zamanda “isti” izlərlə keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Y.Məmmədova və E.Nəsrəddinova saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.
Qeyd edək ki, həmin şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefon, içərisində sənədlər, eləcə də bank kartları olan pul kisəsi aşkar olunaraq sahibinə geri qaytarılıb. Saxlanılan şəxslər barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.