Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Mahir İsmayılov, Samir Həsənzadə, eləcə də Asim Hüseynov və Samir Yusifov tutulublar.
Araşdırma zamanı onların qeyd edilən bağ evindən 2 ədəd ümumi dəyəri 3 000 manat olan kombi aparatları, həmçinin digər məişət əşyaları oğurladıqları məlum olub.
Qeyd edək ki, oğurlanan kombi aparatları S.Həsənzadənin yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.