Bələdiyyələr “beşinci təkər” rolundan çıxa biləcəkmi?
13:51 26-01-2013
CƏMİYYƏT
Bələdiyyələr “beşinci təkər” rolundan çıxa biləcəkmi?
Mütəllim Mütəllimli: “Azərbaycan bələdiyyələri real səlahiyyətlərdən məhrumdur”
Artıq xeyli müddətdir ki, ölkədə bələdiyyə strukturları fəaliyyətə başlasa da, onlara cəmiyyət içində güvən və inam yoxdur. Bu da təsadüfi deyil. Birinci növbədə ona görə ki, Azərbaycanda seçkilərin necə keçirildiyi nə ölkədə, nə də dünyada heç kimə sirr deyil. Bunun nəticəsi kimi cəmiyyət bilir ki, saxta seçkilərlə təyin edilmiş bələdiyyəçilər hansı prinsiplərlə işləyəcək.
İkinci mühüm səbəb isə icra strukturlarının bu "yandançıxma" bələdiyyələrə göz verib işıq verməməsidir. Yəni icra qurumları müəyyən səlahiyyətlərin onlardan alınıb "yandançıxmalara" verilməsini xoşlamır və mümkün qədər cəhd edirlər ki, bələdiyyələr onların tərkib hissəsi kimi fəaliyyət göstərsin. "İnsafən", qeyd edilməlidir ki, onlar buna tam şəkildə nail ola biliblər: istənilən səviyyəli icra başçısının istənilən sözünü heç bir bələdiyyə sədri rədd edə bilməz.
Bu il Azərbaycanda bələdiyyələrin yaradılmasının 8 ili tamam olur. Bələdiyyələrin güclənməsi üçün bu illər ərzində beynəlxalq təşkilatların da çoxsaylı təklifləri olub. 2002-ci ildə Azərbaycan Avropa Yerli Özünüidarəetmə Xartiyasını ratifikasiya edib. Həmin Xartiyada deyilir ki, effektiv yerli özünüidarəetmə demokratiyanın əsas elementidir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Halvdan Skardsa deyib ki, bələdiyyələrin statusu haqqında qanun bələdiyyələrin öhdəliklərini izah etməli, onların tam və müstəsna səlahiyyətləri çərçivəsində həyata keçirməli olduqları bir sıra funksiyalar müəyyənləşdirilməlidir. Avropa Şurası Yerli Hakimiyyətlər Konqresi Palatasının sədri Yan Mikollofsa bildirib ki, konqres nümayəndələri dəfələrlə Azərbaycanda icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsini müzakirə ediblər. Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrinə görə, ötən il Azərbaycanda Bələdiyyələr Assosiasiyası yaradılıb. Şəhər, qəsəbə və kənd bələdiyyələrinin də daxil olduğu bu qurum özündə 2700-dən artıq bələdiyyə orqanını birləşdirir.
Hələ ötən illərdə Milli Məclisin Regional Məsələlər Daimi Komissiyası "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında" qanun layihəsini müzakirə etdi. Layihədə bələdiyyələrə təhsil, mədəniyyət, səhiyyə, ictimai nəqliyyat, təsərrüfat əhəmiyyətli obyektlərin idarə olunması və inkişaf etdirilməsiylə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulurdu. Ancaq layihədə o da göstərilir ki, bu səlahiyyətlərin verilməsi icra hakimiyyətləriylə bələdiyyələr arasında razılıq əsasında həyata keçirilməlidir. Necə deyərlər, bələdiyyələrin ipi yenə də icra strukturlarına bağlandı.
Həm yerli, həm də beynəlxalq ekspertlərsə deyirlər ki, Azərbaycanda bələdiyyələrin əsl müstəqil, dövlət orqanından asılı olmayan, güclü idarəetmə strukturu olması üçün ilk növbədə azad və şəffaf seçkilər keçirilməlidir. Bələdiyyənin büdcəsi indikindən bir neçə qat artıq olmalı, azad sahibkarlıq inkişaf etdirilməli, sahibkarlıqda monopoliya tamamilə ləğv olunmalıdır ki, bələdiyyələr öz ərazilərindəki kiçik iş yerlərini, istehsal sahələrini genişləndirməklə maliyyə imkanlarını artırsınlar. Korrupsiya, rüşvətlə mübarizə elə aparılmalıdır ki, heç bir bələdiyyə sədri və nümayəndəsi vətəndaşın haqqına əl uzatmağa cəsarət etməsin. Vətəndaş da bələdiyyəni öz həyəti, məhəlləsi, kəndi, şəhəri bilib onunla sıx, həm də aydın münasibətlər əsasında işləməlidir. Onda inkişafdan danışmaq olar. Ekspertlər onu da deyirlər ki, bu işlərə başlamaq üçün 2 ildən sonra Azərbaycan üçün növbəti şans yaranacaq.
Amma deyəsən, bu durum yuxarıları da qane etmir və artıq cəhd edilir ki, bələdiyyələrin öz siması və öz arenası olsun.
Belə ki Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də Azərbaycan bələdiyyələrinə ötən il ərzində müxtəlif strukturlar tərəfindən ciddi təzyiqlərin olduğunu bildirib.
Komitə sədri bunun əsas səbəbi kimi cəmiyyətdə hələ də bələdiyyə institutunun fəaliyyətinin qəbul olunmamasını göstərib.
A.Rəhimzadənin sözlərinə görə, bələdiyyənin fəaliyyətini tənqid etməklə heç vaxt müsbət nəticəyə nail oluna bilməz: "İndi elə bir hal yaranıb ki, heç kim bələdiyyənin təqdim etdiyi hər hansı sənədi ciddi qəbul etmir. Yaxşı fəaliyyət göstərən bələdiyyələrə müvafiq strukturlar tərəfindən stimulverici dəstəklər nümayiş olunmalıdır ki, cəmiyyətdə bələdiyyə ciddi orqan kimi qəbul olunsun".
A.Rəhimzadə bu məsələ ilə bağlı bu il bir sıra qanunvericilik aktlarına dəyişiklik olunacağını bildirib.
Ədalət Partiyası sədrinin müavini Mütəllim Mütəllimlinin "Unikal"a bildirdiyinə görə, "Azərbaycan bələdiyyələri real səlahiyyətlərdən məhrumdur. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, hökumət bir çox səlahiyyətlərini bələdiyyələrlə bölüşməkdə çox qısqanc davranır. Bir zamanlar nəzərdə tutulurdu ki, qanunvericilik səviyyəsində onların səlahiyyətləri daha da genişləndirilsin, amma sonradan bu niyyətdən vaz keçdilər. Nəticədə bu gün ortalıqda marionetka bir qurum var və o, əslində, heç nə ilə məşğul ola bilmir".
Adil
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00