Neftdən asılı büdcəmiz... Bəs sabah nə baş verə bilər?
13:37 29-01-2013
CƏMİYYƏT
Neftdən asılı büdcəmiz... Bəs sabah nə baş verə bilər?
Bu yazıya başlayanda Türkiyənin mərhum prezidenti Turqut Özalın məşhur bir ifadəsi yadıma düşdü: “Yüce Allaha şükranlarımı sunuram ki, biz bir neft ölkesi deyiliz. Aksi takdirde ereb ülkelerinin durumunda olardız!”
Çalxanan və şahə
qalxan dünya bazarı
Və biz neft ölkəsiyik. Dövlət büdcəmizin böyük hissəsi, yəni 70 faizdən çoxu “qara qızıl”dan gələn gəlirlərin hesabına formalaşır. Və dartışmaq niyyətində deyiləm ki, biz ərəblərin günündəyik, ya yox...
Və yaxud günü sabah ərəblərin gününə düşə bilərikmi?
Hər halda bu, təkcə mənim əndişəm deyil. Çoxları bu barədə qayğılıdır. Ona görə ki dünya bazarı çalxanan və kefi gələndə şahə qalxan narahat dəniz kimidir. Qiymətlər enir də, qalxır da. Bəzən elə enir ki, dibsiz uçuruma çevrilir, bəzən də elə qalxır ki, boyuna boy vermək olmur.
Vaxtilə ekspertlər proqnozlar verirdilər ki, neftə görə Azərbaycanda “holland sindromu” gözlənilir. Allah bu xalqın üzünə baxdı – bu sindromdan yan keçə bildik. Yan keçdik, bir qədər rahat nəfəs aldıq və gözümüzün qabağındaca başqa iki təhlükə boy-boy qalxmağa başladı. Təhlükələrdən biri budur ki, ölkədə neft hasilatı azala bilər. (Bu barədə aşağıda ətraflı danışacağıq.)
İkinci təhlükə isə bundan ibarətdir ki, dünya bazarını və dünya birjalarını biz idarə etmirik. Dünya bazarı Bakıdakı Hövsan-Hava Limanı şosse yolu deyil ki, asfaltlayanda onun hər kilometrinə 20 milyon manat pul yazıb həzmi-rabedən keçirdəsən. (Avropa standartlarına görə, hər kilometrə bir milyon dollar vəsait xərclənməlidir!)
Göründüyü kimi, təhlükə hər an mövcuddur və onların peyda ola biləcəyi momentlər bizdən asılı deyil. Yəni biz neft gəlirləri vasitəsilə tam şəkildə dünya bazarındakı qiymətlərdən asılı vəziyyətə düşmüşük.
“Nikbin fikirlər söylənilir, ancaq real
rəqəmlər açıqlanmır”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış ekspert İlham Şaban “Unikal”a bildirdi ki, “Rəsmi məlumatlara görə, 2012-ci ilin nəticələri bunu göstərir ki, Azərbaycan nefti dünya bazarında əvvəlcədən proqnozlaşdırılan qiymətə satıla bilməyib. Hər tonda, təxminən, 2,1 ABŞ dolları itirimişik. Bu ondan irəli gəldi ki, neftin orta ixrac qiyməti, təxminən, 112 ABŞ dolları oldu. Neftin qiyməti nəyə görə azaldı? Çünki ölkədə neft hasilatı da aşağı düşüb. Hasilat aşağı düşdüyündən neftin ixracı da avtomatik olaraq azalır”.
Ekspertin sözlərinə görə, “2013-cü ildə neft hasilatının stabilləşdirilməsi ilə bağlı bəyanatlar verilir və müxtəlif nikbin fikirlər söylənilir. Bununla belə, real rəqəmlər açıqlanmır. Yəni deyilmir ki, “Azəri-Şahdəniz” yatağında və yaxud Günəşli yatağından bu il nə qədər neft hasil edilib. Dövlət Neft Şirkətinin bu ilki göstəriciləri də hələ ki açıqlanmayıb. Bu rəqəmlər əlimizdə olmasa, 2012-ci illə müqayisə apara bilməyəcəyik. Yalnız bu zaman deyə bilərik ki, neft hasilatı stabilləşməyə gətirib çıxardacaqmı?”
Amma ekspert hesab edir ki, “İndi ilin əvvəli olduğundan hələ birinci ay da yekunlaşmayıb və əlimizdə konkret bir statistik məlumat da yoxdur ki, nələrisə tutuşduraq. Bu məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən haradasa iyun ayında açıqlanacaq. Onda real durumdan xəbərdar olacağıq”.
İlham Şabanın dediyinə görə, “Azərbaycan rəhbərliyi hökumət qarşısında 2020-ci il üçün neftdən asılılığı az qala 2 dəfədən də çox azaltmaq kimi çətin tapşırıq qoyub. Əgər nəzərə alsaq ki, 2012-ci ilin dövlət büdcəsinin formalaşdırılmasında neft gəlirlərinin ümumi payı 73% təşkil edir (bunun təkcə 63%-ə yaxını Neft Fondundan transferlərin payına düşəcək), onda həqiqətən bu vəzifənin öhdəsindən gəlməyin ağırlığı aydın olar. Düzdür, demək olar ki, hökumətin hər rüb dövlət başçısının yanında keçirilən iclaslarında xüsusilə vurğulanır ki, Azərbaycanda neft sektorunda azalma müşahidə edilir və bunun əksi olaraq qeyri-neft sektorunda, xüsusən də kənd təsərrüfatında çox yüksək inkişaf templəri qeydə alınır. Əslində bu sadəcə statistikadır və Azərbaycan reallığında kənd təsərrüfatının istənilən sahəsində Dövlət Statistika Komitəsinin «dili ilə” xariqələr yaratmaq elə də çətin iş deyil. Kimdir kəndlinin sahəsindəki kartofun uçotunu aparan və ya neçə ton üzüm, alma, xurma yığması barədə sənədləşmə aparan? Bəlkə internetdə-sorğu keçirirlər? Ona görə də real vəziyyətin görüntüləri əslində fərqlidir. Əgər regionlarda bu qədər artım qeydə alınırsa, onda sual olunur, nədən Azərbaycanın heç bir rayonu özünü dolandıra bilmir və ya Mərkəzdən aldığı dotasiyanı o artıma uyğun şəkildə azaltmır? İkincisi, kənd təsərrüfatı Azərbaycanda neçə illərdir ki, belə inkişaf templəri göstərirsə, onda ölkəyə idxal edilən ərzaq malları niyə azalmır? Üçüncüsu, bu tempdə inkişafın qarşılığında Azərbaycan kəndlisinin son 5 ildə iş şəraiti hansı səpkidə dəyişib?”
“Təhlükə mövcuddur”
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi Pərviz Heydərovun dediyinə görə, “2011-ci ildə ÜDM istehsalının 0,1% artması qeyri-neft sektorunun hesabına təmin edildiyindən son illər ərzində onun ardıcıl enməsinə rəğmən, dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarında hökm sürən böhran müqabilində yaxşı nəticə sayıldı.
Odur ki, vəziyyətin bu cür davam etməsi müsbət qiymətləndirilir.
İqtisadiyyatımızın qeyri-neft sektoru keçən il 9,7% artaraq ÜDM-də 52,7% səviyyəyə çatıb ki, bu da, qarşıdakı dövr ərzində – 2020-ci ilə qədər Azərbaycanda ÜDM istehsalı həcmini 2 dəfə yüksəltmək vəzifəsinə tam cavab verir.
Lakin bir təhlükə mövcuddur.
O da bundan ibarətdir ki, neft sektoru indiyə qədər olduğundan əgər bir az da artıq sürətlə tənəzzül edərsə, vəziyyət dəyişə bilər.
Nəzərə almalıyıq ki, yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,7% artaraq ÜDM-də çəkisinin 2011-ci ildəki 48,8-dən 52,7%-ə qədər yüksəlməsinə rəğmən, 47,3% paya sahib olan neft-qaz istehsalı və emalı sahələrində isə tənəzzül davam edib və əvvəlki illə müqayisədə 5% azalma baş verib.
Başqa sözlə desək, keçən il neft hasilatı 43,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 milyard kubmetr təşkil etməklə, qaz 5,4% artdığı halda, neft 5,3% azalıb”.
Ekspert bildirir ki, “Neft üzrə proqnoz 46 milyon ton idi. Bununla belə, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyinin ötən ilin yekunlarına dair verdiyi məlumata əsasən, 2012-ci ildə ölkədə 43,9 milyon ton neft, 27,9 milyard kubmetr qaz hasil olunduğu bildirilib ki, bu da proqnoz edilənin əksinə olaraq, ilin sonuna yaxın irəli sürülən gözləntidən birinci üzrə 1 milyon ton, ikinciyə görə isə 0,8 milyard kubmetr çoxdur. Cari il üçün isə məlum olduğu kimi neft 43,2 milyon ton, təbii qaz 28,8 milyard kubmetr həcmində proqnozlaşdırılıb.
Bununla belə, neft-qaz sektorunda artıq 2 ildən çoxdur tənəzzül müşahidə edilir ki, bizcə, iqtisadiyyatın qeyd olunan sferasında məhsul istehsalının azalması sürəti nəzarətə götürülməsə, vəziyyət qeyri-qənaətbəxş olacaq. Məsələ bundadır ki, Azərbaycanda həm neft, həm də qaz hasilatı sahəsində vəziyyət elə bir mərhələdədir ki, əlavə investisiyalara ehtiyac var. Ölkədə neft hasilatının azalmasına paralel olaraq, bu yaxında qaz sarıdan da eyni tendensiyanın başlandığı xəbərinin yayılması bunu bir daha sübut etdi”.
Nadir
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04