Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan, bölgədə narkobaron kimi tanınan “Çopur Ramiz" ləqəbli Ramiz Quliyev, Süleyman Davudov və Murtuzəli Georgiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org-un məlumatına görə, baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Nahid Mirzəyevin icraatına verilib.
Hazırlıq iclası 13 aprel saat 09:15-ə təyin edilib.
Qeyd edək ki, sözügedən şəxslər ötən ilin sentyabr ayında Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Ramiz Quliyevin yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman Ramiz Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha 2 nəfər, “Çopur Ramiz”in yaxınları – əvvəllər oğurluğa görə, məhkum olunmuş Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiyev saxlanılıb.
Murad İbrahimli