Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Şəmkir rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumatda deyilir:
Aprelin 5-də saat 14 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Alıyeva Aybəniz Kavı qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi ilə bağlı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək Aybəniz Alıyevanın qəsdən öldürülməsi müəyyən edilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu Tağıyev Rəşad İsmayıl oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Alıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Rəşad Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.