Şuşanın sabiq icra başçısı Nizami Bəhmənovun oğlu hakim qarşısına çıxarılıb. Ona arvadını öldürməyə cəhddə görə ağır cəza kəsilib.
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Bəhmənov Ceyhun Nizami oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
C.Bəhmənov ötən il fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.Məlumata görə, Dilarə Zeynalova 3 uşaq anası olub. Hadisədən iki il öncə Ceyhun Bəhmənovdan boşansa da, keçmiş əri onu ölümlə təhdid etməyə davam edib.
Dilarə Zeynalova 2018-ci ildə həyat yoldaşı evi təmir etdirdiyi üçün uşaqlarını da götürüb, müvəqqəti olaraq valideynlərinin evinə köçüb. Evin təmiri bir il sürdüyü üçün onlar uzun müddət Dilarənin valideynlərinin evində qalıblar.
Təmir bitdikdən sonra Dilarə ərinin evinə qayıtmaq istəməyib və ondan boşanıb.
Ceyhun Bəhmənov ona zəng vurub, hədələməyə başlayıb. Ata-anasını və uşaqları da öldürəcəyini deyib.
Dilarə Zeynalovanın anası Elmira Zeynalova deyib ki, qızı 1998-ci ildə, hələ 11-ci sinifdə oxuyarkən sinif yoldaşları onlara qonaq gəldiyi üçün Ceyhun Bəhmənov ona çoxlu bıçaq zərbəsi vurub.
Elmira Zeynalova deyib ki, Ceyhun Bəhmənov həbs cəzası almayıb, daha doğrusu, onun psixoloji problemlərinin olması ilə bağlı arayışa görə, məhkəmə iki illik şərti cəza ilə kifayətlənib. Zeynalova iddia edir ki, Bəhmənovlar ailəsi həkim arayışını "pulla alıblar".
Məhkəmənin hökmü ilə keçmiş arvadını öldürməyə cəhddə ittiham edilən Ceyhun Bəhmənov 15 il müddətinə azadlıqdan məhrum edilib.