Aprelin 28-də saat 13 radələrində Abşeron rayonu ərazisində yerləşən asfalt-beton zavodunda 1973-cü il təvəllüdlü Mövludov Cəmşid Mövlud oğlunun yük avtomobilinin altında qalaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Abşeron rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, aparılmış araşdırmalarla Abşeron rayonunda yerləşən “14 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin asfalt-beton zavodunda fəhlə işləyən Cəmşid Mövludovun yükün boşaldılması zamanı yük avtomaşınının altında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilmişdir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.