Norveçdə fenomenlər və markalar sosial şəbəkələrdə ticarət məqsədi ilə yayımladıqları fotolarda dəyişiklik etdiklərini postda qeyd etməli olacaqlar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, postlarda bədənin rəngində, formasında, ölçüsündə ən kiçik dəyişiklik barəsində məlumat qeyd olunmalıdır. Əks təqdirdə bu cinayət hesab olunacaq.
Norveç hökuməti sosial şəbəkələrdə aralarında məşhur simalarında yer aldığı bir çox insanın "Photoshop"dan istifadə edərək təqdim etdikləri şəkillərin psixologiyaya mənfi təsir etdiyini düşünür. Belə ki, insanlar davamlı olaraq qüsursuz görüntülərlə qarşılaşdıqda özlərinə olan inamı itirirlər.
Bu səbəbdən Norveç Uşaq və Ailə Nazirliyi qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib. Qanun səs çoxluğu ilə qəbul edilib. Qərara əsasən reklamlara nazirlik tərəfindən hazırlanmış bir etiket əlavə olunacaq.
Qanunun nə zaman qüvvəyə minəcəyi hələ ki, məlum deyil. Lakin yeni qanuna görə, "Facebook", "Instagram", "Twitter" kimi sosial media platformalarında paylaşılan fotolarda hər hansı düzəliş varsa, bu qeyd olunmalıdır. Əks halda şəxs cərimələnəcək və ya həbs olunacaq.