Sinqapur hökuməti koronavirus (COVID-19) pandemiyası üçün yeni planlar çərçivəsində gündəlik yoluxma sayının hesablanması və açıqlanmasını dayandırmağa hazırlaşır.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ildən sonra Sinqapur normallaşdırma planlarının bir hissəsi olaraq hər kəsin öyrəşdiyi bir qaydanı dəyişdirən qərar qəbul edəcək. Belə ki, ölkə koronavirusla bağlı yeni hazırlanan qanunlara görə gündəlik COVID-19 yoluxmalarının sayılmasını dayandırır.
Nazirlikdən verilən açıqlamada məlum virusun artıq həyatın bir parçası halına gəldiyini və xəstəxanalara yerləşdirmə, reanimasiya şöbələrində vəziyyət və ölümlərin izləməsinin daha vacib olduğunu vurğulayıb.
Həmçinin, vaksinlər və inkişaf etdirilmiş müalicələr sayəsində xəstəliyin şiddəti və insanların virusdan ölmə ehtimalının azaldığı və onun pandemiyadan epidemiyaya keçdiyi vurğulanıb.
Qeyd edək ki, Sinqapur koronavirusdan ən az təsirlənən ölkələr sırasındadır. Belə ki, son 24 saatda ölkə ərazisində 13 yeni yoluxma müşahidə edilib. Pandemiyanın başlanğıcından bəri 62 min 630 xəstə göstərici olan Sinqapurda 2 il ərzində 36 nəfər həyatını itirib.
Ağarza Elçinoğlu