ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində çökmüş yaşayış binasının dağıntılarının altından daha dörd cəsəd çıxarılıb, bununla da ölənlərin sayı 36-ya çatıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava brifinq zamanı bildirib.
“Yağışa və digər sərt hava şəraitinə baxmayaraq, dağıntılar altından daha dörd nəfərin cəsədini çıxardıq. Ölənlərin ümumi təsdiqlənmiş sayı hazırda 36 nəfərdir”, - Kava belə deyib.
Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. İlk gün ərzində dağıntılar altından 37 nəfər sağ çıxarılıb, ancaq daha sağ qalan aşkar edilməyib. Hazırda 109 nəfərin taleyi qaranlıq olaraq qalır.